Artıq “Asan İmza”nı Kapital Bank filiallarında əldə etmək mümkün oldu

Kapital Bank mövcud korporativ müştərilərin, eləcə də bank hesabı açmaq üçün filiallara müraciət edən sahibkarların və hüquqi şəxslərin xidmətdən rahat şəkildə faydalanmasını təmin etmək üçün daha bir yeniliyi təqdim edir.

Belə ki, hesab açmaq və digər innovativ bank xidmətlərilə yanaşı, artıq “Asan İmza”- gücləndirilmiş mobil elektron imzanı əldə etmək istəyənlər, vergi idarələrinə və “ASAN Xidmət” mərkəzlərinə getmədən filialda bunu həyata keçirə biləcəklər.

Hələlik bu xidmət Kapital Bank-ın Mərkəz, Yasamal, Gənclik, Nəsimi, Səbail və Xətai filiallarında mümkündür. Bunun üçün müştərinin aktiv Bakcell və ya Nar mobil nömrəsinin olması zəruridir. Məlumat üçün bildirək ki, gücləndirilmiş mobil elektron imza -“Asan İmza”sı olanlar, müxtəlif əməliyyatlarını onlayn həyata keçirə və sənədləri elektron formada imzalaya bilərlər. Bununla da müştərilər Kapital Bank-ın Müştəri Bank sistemi vasitəsilə banka gəlmədən və vaxt itirmədən hesablarına nəzarət edə və bir sıra əməliyyatlar həyata keçirə biləcəklər.

Qeyd edək ki, Müştəri Bank vasitəsilə rahat və təhlükəsiz şəkildə bir sıra xidmətlərdən istifadə etmək mümkündür: onlayn rejimdə hesablara nəzarət, çıxarışların əldə edilməsi, sərəncamlar haqqında məlumat, ölkə daxili və ölkə xarici nağdsız köçürmələr, konvertasiya əməliyyatları, biznes kart köçürmələri, əmək haqqı kartlarına mədaxil, əmək haqqı kartlarının sifarişi və s. Qanunvericiliyə əsasən “Asan İmza” əl imzasına bərabərdir və buna görə istifadəçilərin identifikasiyası ilə bağlı bütün prosedurlar, təhlükəsizliyin təmin edilməsi, kriptoqrafiyanın bütün dünya standartlarına uyğunluğa görə istifadəçilərin maraqlarının təmin edilməsi baxımından ciddi şəkildə riayət olunur.

Kapital Bank Azərbaycanda fəaliyyət göstərən filiallarının sayına görə ən böyük bank hesab edilir. Belə ki, Kapital Bank respublika üzrə 102 filialı və 17 şöbəsi ilə müştərilərin xidmətindədir. “Asan İmza” mobil elektron imzanın Kapital Bankın məsafədən elektron xidmətlərinə tətbiqi, yerlərindən asılı olmayaraq əhalinin bütün təbəqələri üçün maliyyə xidmətlərinə geniş əlyetərlilik imkanı yaradacaq və ən əsası Azərbaycanda rəqəmsal xidmətlərin təhlükəsizliyinin təmin olunmasına böyük töhfə verəcəkdir.