Tez-tez verilən suallar
FAQ/help:
Tez-tez verilən suallar
-
“Asan İmza” xidmətinin mövcudluğunu, tipini və son etibarlılıq tarixini necə öyrənə bilərəm?
Abunəçi 8500 “status” sözünü yazaraq, “Asan İmza” xidmətinin mövcudluğunu, tipini və son etibarlılıq tarixini öyrənə bilər.
-
Şirkət (qurum) rəhbəri kimi “Asan İmza” əldə etmək üçün hansı sənədlər tələb olunur?
Şirkət (qurum) rəhbəri kimi “Asan İmza” əldə etmək üçün şəxsiyyət vəsiqəsi və şirkətin (qurumun) möhürü tələb olunur.
-
Şirkət (qurum) əməkdaşı kimi “Asan İmza” əldə etmək üçün hansı sənədlər tələb olunur?
Şirkət (qurum) əməkdaşı kimi “Asan İmza” əldə etmək üçün şəxsiyyət vəsiqəsi və şirkətin (qurumun) blankında rəhbər şəxsin imzası və möhürü ilə təsdiqlənmiş Nümunəvi forma 1 (Əlavə 7) (Taxes Asan Imza) , tələb olunur.
-
Bir neçə aydır ki, “Asan İmza”nı istifadə etmirəm. Bu halda borc toplanırmı?
“Asan İmza”dan istifadə etmədikdə heç bir borc toplanılmır.
-
“Asan İmza” ilə özümə VÖEN aça bilərəmmi?
Bəli, siz “Şəxsi” tipli “Asan İmza” sertifikatını əldə etdikdən sonra onlayn qaydada Dövlət Vergi Xidmətinə müraciət edib, VÖEN əldə bilərsiniz.
-
“Asan İmza” əldə etmək üçün mütləq VÖEN sahibi olmaq lazımdır?
Xeyr, “Asan İmza”dan həm VÖEN sahibi olanlar, həm də VÖEN sahibi olmayan vətəndaşlar yararlana bilərlər. Yəni, şəxsiyyət vəsiqəsi olan Azərbaycan Respublikasının bütün vətəndaşları “Asan İmza” əldə edə bilərlər. “Biznes” tipli “Asan İmza” əldə etmək istəyən şəxslər mütləq VÖEN sahibi olmadırlar.
-
Nömrəmin dublikatını çıxarıb “Asan İmza” xidmətinə qoşulsam da hələ də xidmətdən istifadə edə bilmirəm. Nə etməliyəm?
Siz Dövlət Vergi Xidmətinin Asan Sertifikat Xidmətləri Mərkəzlərindən birinə yaxınlaşaraq, “Asan İmza” sertfikatlarınızı aktivləşdirməlisiniz.
-
“8500” qısa nömrəsinə sms göndərdikdən sonra müvafiq məbləğ balansdan çıxılsa da “Asan İmza”dan istifadə edə bilmirəm niyə?
Hal-hazırda “Vətəndaş” və “Dövlət” tipli “Asan İmza” xidməti üçün aylıq abunə haqqı tutulmur. Yalnız “Biznes” tipli “Asan İmza” xidməti üçün aylıq abunə haqqı 2.50 AZN təşkil edir.Yuxarıda qeyd edilən vəziyyət yalnız o zaman baş verir ki, siz “Asan İmza” xidmətinin uzadılması üçün əvvəlcədən onlayn qaydada ərizə ilə müraciət etməmisiniz. Belə halda isə mütləq fiziki olaraq, Dövlət Vergi Xidmətinin Asan Sertifikat Xidmətləri Mərkəzinə müraciət edərək sertifikatlarınızı aktivləşdirməlisiniz.
-
“Asan İmza” aylıq abunə haqqını ödəmədiyim üçün xidmət dayandırılmışdır. Onu yenidən necə bərpa edə bilərəm?
Hal-hazırda “Vətəndaş” və “Dövlət” tipli “Asan İmza” xidməti üçün aylıq abunə haqqı tutulmur. Yalnız “Biznes” tipli “Asan İmza” xidməti üçün aylıq abunə haqqı 2.50 AZN təşkil edir. Siz mobil telefonunuzda balansınızı adi qaydada artırdıqda, “Biznes” tipli “Asan İmza” xidməti üçün aylıq abunə haqqı mobil operator tərəfindən avtomatik çıxılaraq, xidmət aktivləşdirilir.
-
“Asan İmza” xidməti üçün aylıq abunə haqqı necə ödənilir?
Hal-hazırda “Vətəndaş” və “Dövlət” tipli “Asan İmza” xidməti üçün aylıq abunə haqqı tutulmur. Yalnız “Biznes” tipli “Asan İmza” xidməti üçün aylıq abunə haqqı 2.50 AZN təşkil edir. Mobil telefonunuzun balansını artırdıqda avtomatik olaraq, “Asan İmza” üçün aylıq abunə haqqı çıxılır.
-
“Asan İmza” xidmətini öz nömrəmdə aktivləşdiriyim zaman nömrəmdən əvvəlki kimi istifadə edə biləcəyəmmi? Zəng edib, zəng qəbul edə biləcəyəmmi?
Bəli, “Asan İmza” xidmətini istifadə etdiyiniz nömrədə aktivləşdirdiyiniz zaman nömrənizdən əvvəlki kimi istifadə edə, zəngləri həm qəbul edəcək, həm də zəng edə biləcəksiniz.
-
“Asan İmza” xidmətinə qoşulmaq üçün ayrı nömrə əldə etməyə ehtiyac varmı?
“Asan İmza” xidmətinə qoşulmaq üçün ayrı nömrə əldə etməyə ehtiyac yoxdur. Siz hal-hazırda işlətdiyiniz mobil nömrənizdə də “Asan İmza” xidmətini aktivləşdirə bilərsiniz. İstifadəçi “Asan İmza” xidmətini gündəlik istifadə etdiyi SİM kartda aktivləşdirdiyi zaman o, dövlət qurumlarından və digər elektron xidmət təminatçılarından vacib ismarıcları birbaşa nömrəsinə ala və ya e-taxes.gov.az portalında “Asan İmza” şəxsi kabinetində əldə edə bilir.
-
Asan İmza” nə üçündür və onunla hansı xidmətlərdən istifadə etmək olar?
“Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “Asan İmza” əl imzasına bərabərdir. Hal-hazırda “Asan İmza” vasitəsilə 1000-dən çox elektron xidmətdən istifadə edə bilərsiniz. “Asan İmza” vasitəsilə elektron vergi bəyannaməsinin təqdim edilməsi; onlayn kredit; malların və nəqliyyat vasitələrinin gömrük bəyannaməsinin elektron qaydada doldurulması; internet və mobil bankçılıq; ipoteka üçün müraciət ərizəsinin göndərilməsi; güzəştli mənzilin əldə edilməsi üçün müsabiqədə iştirak ərizəsinin təqdim edilməsi; nəqliyyat vasitəsinin idarə edilməsi üçün etibarnamənin elektron qaydada verilməsi; elektron məhkəmə portalında şəxsi kabinetin idarə edilməsi; cərimələr barədə məlumatın əldə edilməsi; əmlak və həyat sosial sığortası; iş yerindən arayışın onlayn qaydada əldə edilməsi və bir sıra digər önəmli onlayn xidmətlərdən istifadə etmək mümkündür.
-
“Asan İmza” xidməti rouminqdə işləyirmi?
“Asan Imza” xidmətindən rouminqdə də istifadə etmək mümkündür. Bunun üçün mobil nömrənizdə operatorun rouminq xidməti aktiv olmalı və balansınızda kifayət qədər vəsait olmalıdır. Nəzərə alın ki, rouminq üzrə tariflər mobil operatordan asılı olaraq dəyişə bilər.