Sahibkarlar “Asan İmza” ilə Azərbaycan Beynəlxalq Bankında onlayn hesab aça biləcəklər
Müştərilərə xidmət imkanlarını müasir çağırışlara uyğunlaşdıran Azərbaycan Beynəlxalq Bankı distant bank xidmətlərinə ehtiyacı nəzərə alaraq bu istiqamətdə tədbirləri sürətləndirib. Bank korporativ müştərilərinə xidmət ofislərinə gəlmədən məsafədən hesab açmaq və onu idarə etmək imkanı da yaradıb.
Azərbaycan Beynəlxalq Bankında distant bank hesabının açılması portal üzərindən həyata keçirilir. Belə bir imkandan faydalanmaq üçün hüquqi şəxs və ya fərdi sahibkar ilk növbədə “Asan İmza” “Biznes” sertifikatına sahib olmalıdır.
Belə ki, müştəri “Asan İmza” vasitəsilə sistemə daxil olub lazımi sənədləri və məlumatları təqdim etdikdən sonra videogörüşün vaxtını özü təyin edir. Videogörüş zamanı bank operatoru aparılacaq eyniləşdirmə və əlavə autentifikasiya barədə müştəriyə ümumi məlumat verir.
Bank hesabının açılmasına və idarə olunmasına dair rəsmiləşdirmə prosesi tamamlandıqdan sonra isə Bank tərəfindən hesablar avtomatik açılır və müştərinin İnternet Bank xidmətinə qoşulması təmin edilir. Rəsmiləşdirmə sənədləri ilə birgə hesab rekvizitləri barədə məlumat müştəriyə təqdim olunur. Müştəri təqdim olunmuş sənədləri və hesab rekvizitlərini yükləyərək elektron qaydada və ya çap edərək özündə saxlaya bilər.
Azərbaycan Beynəlxalq Bankının baş direktoru Nərgizxanım Biləndərli məsafədən hesab açmağın hüquqi şəxslər və fərdi sahibkarlar üçün yeni bir imkan olduğunu qeyd edib: “Daha hesab açmaqdan ötrü, evdən, iş yerindən kənarlaşıb banka gəlməyə ehtiyac yoxdur. Bunu internet üzərindən həyata keçirmək olar. Məsafədən bank hesabı açmaq müştərilərimizin işini asanlaşdırır, onların vaxtına qənaət edir. Müştərilərimiz məsafədən hesab açıb İnternet Bank xidmətinə qoşula və bu xidmətin üstünlüklərindən faydalana bilərlər”.
“Asan İmza” mobil elektron imzanın milli operatoru olan B.EST Solutions şirkətinin aparıcı layihə meneceri Fuad Məlikov qeyd etmişdir: “Azərbaycanın maliyyə institutları bizim üçün prioritet müştərilərdən hesab edilir. Bank sistemlərinə “Asan İmza”nın inteqrasiyası üzrə bütün xidmətlər tərəfimizdən ödənişsiz olaraq və çox qısa zamanda təqdim edilir. Biz Azərbaycan Beynəlxalq Bankının nağdsız ödənişlərin və rəqəmsal iqtisadiyyatın inkişafındakı rolunu yüksək qiymətləndiririk”.
“Asan İmza” haqqında məlumatı rəsmi saytında, həmçinin info@asanimza.az elektron poçtuna yazmaqla əldə etmək olar. “1847” “Asan İmza” Çağrı Mərkəzi adi rejimdə öz işini davam etdirir.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.