“Asan İmza” sertifikatlarının müddətini artıq onlayn uzatmaq mümkündür

Biznesin təhlükəsiz və uzaq məsafədən idarə edilməsinin təmin edilməsi məqsədilə rəqəmsal Azərbaycanın vətəndaşlar üçün fasiləsiz olaraq geniş spektrli elektron xidmətlərin təqdim etməsinin davam etdirilməsi çox vacibdir. Koronavirus pandemiyasının (COVID-19) Azərbaycandakı iş mühitinə təsirini aradan qaldırmaq məqsədilə və istifadəçilərin çoxsaylı müraciətini nəzərə alaraq, “Asan İmza” mobil elektron imzanın milli operatoru və Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının partnyoru hesab edilən B.EST Solutions şirkəti “Asan İmza” gücləndirilmiş mobil elektron imza sahibləri üçün yeniliklər təqdim etməyə davam edir.

Beləliklə, artıq “Asan İmza” sertifikatının sahibləri vergi ödəyicisinin vahid e-taxes.gov.az İnternet portalında sertifikatlarının müddətini növbəti üç ilə onlayn qaydada onların müddətinin bitməsinə ən azı 30 gün qalmış yeniləyə biləcəklər. Daha sonra və ya sertifikatın müddəti bitdikdə onlayn yenilənmə proseduru qeyri-mümkün olacaq və vətəndaş yalnız fiziki olaraq xidmət mərkəzlərinə müraciət etməklə sertifikatlarının müddətini uzada biləcəkdir. Sertifikatların müddətinin onlayn uzadılması üzrə “İstifadəçi Təlimatı” ilə bu link vasitəsilə tanış ola bilərsiniz.

Xüsusilə qeyd etmək lazımdır ki, “Asan İmza” da daxil olmaqla elektron identitetin təqdim edilməsilə bağlı bütün prosedurlar “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının 9 mart 2004-cü il tarixli Qanunu və Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında elektron imza və elektron sənədlə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 27 saylı 28 yanvar 2006-cı il tarixli qərarı ilə ciddi şəkildə tənzimlənir. Qanunvericiliyə əsasən “Asan İmza” əl imzasına bərabərdir və buna görə istifadəçilərin identifikasiyası ilə bağlı bütün prosedurlara, təhlükəsizliyin təmin edilməsi, kriptoqrafiyanın bütün dünya standartlarına uyğunluğuna həm istifadəçilərin, həm də xidmət təchizatçılarının maraqlarının təmin edilməsi baxımından ciddi şəkildə riayət olunur. Belə ki, “Asan İmza”nın təqdim edilməsi proseduru şəxsiyyəti təsdiq edən istənilən digər sənədin verilməsi kimi qanunvericiliklə ciddi şəkildə tənzimlənir.

Hal-hazırda dövlət və özəl qurumların təqdim etdiyi 1000-dən çox elektron xidmət “Asan İmza” mobil elektron imza vasitəsilə əlyetərlidir. Mobil identitet sayəsində siz vacib elektron xidmətlərə giriş imkanı əldə edə bilərsiniz. Məsələn, elektron vergi bəyannamələri, gömrük bəyannamələrinin təqdim edilməsi, onlayn kredit, gömrükdə malların və nəqliyyat vasitələrinin bəyan edilməsi, əmək müqaviləsi bildirişlərinin elektron qeydiyyatı, ali məktəblərə qəbul üçün onlayn qeydiyyat, güzəştli mənzil almaq üçün müraciət, sosial sığorta, İnternet və mobil bankçılıq və s.

Azərbaycanın ərazi bütövlüyünün bərpası naminə müzəffər Azərbaycan ordusunun möhtəşəm qələbəsi sayəsində, həmçinin Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” 29 oktyabr 2020-ci il tarixli Fərmanına əsasən müvəqqəti komendantlıqlar nəzdində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və s. kimi qurumların regional nümayəndəliklərinin yaradılması qərara alınmışdır. Qarşıya qoyulan vəzifələrin əlaqələndirilmiş, təhlükəsiz və effektli şəkildə Qarabağ bölgəsində icrası üçün informasiya-kommunikasiya texnologiyalarının tam inteqrasiyası tələb olunur. Elektron xidmətlər sahəsi hökumət funksiyaları spektrinin genişləndirilməsi və azad edilmiş ərazilərin iqtisadiyyatının sürətli bərpası üçün ayrılmaz tərkib hissə hesab edilir.

Vətəndaşlar “Asan İmza” ilə bağlı suallarına cavab almaq üçün “1847” Çağrı Mərkəzinə zəng edə və ya info@asanimza.az elektron poçt ünvanına məktub yaza bilərlər.