mResidency Proqramı Azərbaycan və Özbəkistan arasında yüksək səviyyəli iqtisadidanışıqlarda təqdim olundu

Sentyabrın 18-də, Bakı şəhərində, Özbəkistan Respublikasının Prezidenti Administrasiyası yanında İqtisadi Tədqiqatlar və İslahatlar Mərkəzinin direktoru Xakimov Obid Arzikuloviçin rəhbərlik etdiyi Özbəkistanın yüksək səviyyəli nümayəndə heyəti və Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) arasında işgüzar görüş keçirilmişdir. Görüş iki ölkə arasında genişlənən iqtisadi, ticarət və investisiya əlaqələrinin müzakirəsinə həsr edilmişdir.

Görüş zamanı Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) rəhbəri Prof. Dr. Vüsal Qasımlı, Azərbaycan və Özbəkistan arasında möhkəm iqtisadi tərəfdaşlığın ümumi mənzərəsini təqdim edərək, Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı imzalanmış mühüm sazişləri və iqtisadi, ticarət və investisiya əməkdaşlığını genişləndirmək məqsədilə 2024-2025-ci illər üçün Praktiki Fəaliyyət Planını xüsusi olaraq qeyd etmişdir. O, 2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsinin 180 milyon dollara çatdığını və 2024-cü ilin ilk beş ayında bu rəqəmin 70 milyon dollara yüksəldiyini vurğulamışdır. Dr. Qasımlı həmçinin Mərkəzi Asiyadan Avropaya elektrik enerjisi ixracı ilə bağlı birgə enerji əməkdaşlığı layihələrinin xüsusi əhəmiyyətini qeyd etmişdir.

Tədbirdə həmçinin “B.EST Solutions” şirkətinin təsisçisi Jana Krimpenin mResidency proqramı haqqında təqdimatı nümayiş etdirilmişdir. O, Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı çərçivəsində həyata keçirilən mResidency proqramı barəsində danışaraq, bu proqramın qeyri-rezidentlərə təhlükəsiz rəqəmsal şəxsiyyət vəsiqəsi əldə etməyə və Azərbaycanın e-hökumət xidmətlərinə uzaqdan çıxış imkanı yaratmağa imkan verdiyini və beləliklə xarici sahibkarlara fiziki iştirak olmadan Azərbaycanda fəaliyyət göstərmək imkanı yaratdığını diqqətə çatdırmışdır. Jana Krimpe proqramın rəqəmsal idarəetmənin inkişafında və sərhədlərarası ticarətin dəstəklənməsində, xüsusən də Özbəkistan və digər Mərkəzi Asiya ölkələri üçün əhəmiyyətini vurğulamışdır.

Özbək nümayəndə heyətinin rəhbəri Obid Hakimov Azərbaycanın dinamik iqtisadi inkişafını qeyd edərək, rəqəmsal transformasiya və iqtisadi inteqrasiya sahəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyini xüsusi olaraq qeyd etmidşir. O, öz nitqində, ticarətin artırılması və prosedurların sadələşdirilməsi, qarşılıqlı investisiyaların təşviqi və Azərbaycanla strateji tərəfdaşlıqların genişləndirilməsinə Özbəkistanın sadiqliyini ifadə etdi.

Tədbirdə həmçinin Azərbaycanın əsas rəqəmsal platformaları, o cümlədən azranking.az, Azexport, Rəqəmsal Ticarət Qovşağı (dth.az) və Enterprise Azerbaijan haqqında məlumatlar təqdim edilmişdir. Bu təqdimatlar Azexport.az-ın rəhbəri Ayxan Qadaşov, Enterprise Azerbaijan-ın rəhbəri Mətanət Musayeva və İİTKM nümayəndələri Günay Quliyeva və Səbinə Cüməzadə tərəfindən nümayiş etdirilmişdir.

Hər iki tərəf gələcəkdə ticarət və investisiya əlaqələrinin möhkəmləndirilməsinə yönəlmiş birgə layihələr üzrə razılığa gələrək və mResidency proqramının Azərbaycan və Özbəkistan arasında rəqəmsal ticarətin inkişafında mühüm rol oynayacağına inam ifadə etmişdirlər.