eSIM əsaslı “Asan İmza” Mobile ID “GSMA M360 EURASIA 2024” tədbirində sıfır emissiyaya nail olmağın innovativ nümunəsi kimi təqdim edildi

15-16 may 2024-cü il tarixlərində Bakıda, Azərbaycanda “GSMA M360 Eurasia 2024” beynəlxalq konfransı ikinci dəfə baş tutmuşdur. Konfransın bu ilki əsas mövzuları hər bir sahənin rəqəmsallaşmasına, yeni nəsil şəbəkələrə və generativ süni intellektin (Aİ) roluna həsr olunmuşdur. İki gün davam edən konfrans sənaye rəhbərlərini, ekspertləri və digər əsas maraqlı tərəfləri bir araya gətirərək, rəqəmsal innovasiyaları ətraf mühitin qorunmasının əsas elementi kimi vurğulamaqla, bölgədə sıfır tullantılara nail olmaq öhdəliyini gücləndirilməsinə həsr edilmişdir. Olduqca geniş adutoriyaya malik olan konfransa, mobil və rəqəmsal sektorların, o cümlədən süni intellekt, kibertəhlükəsizlik və sənayenin müxtəlif istiqamətləri üzrə aparıcı korporasiyaların rəhbərləri də qatılmışdır.

Konfrans zamanı “Daha Yaşıl Gələcək üçün Mobilizasiya” mövzusuna həsr edilmiş əsas sessiyalarından biri də, “Asan İmza” mobil rəqəmsal imzanın milli operatoru olan B.EST Solutions şirkətinin təsisçisi və direktoru Jana Krimpe tərəfindən aparılmışdır.  O, fikirlərini “Etisalat” şirkətinin texniki direktoru Humaid Al Ajmani, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva, “Huawei” şirkətinin baş vitse-prezidenti Safder Nazir, “Azercell”-in Hüquq Məsələləri, Etika və Uyğunluq Departamentinin direktoru Şirin Əliyeva, “McKinsey & Company”-də assosiativ tərəfdaş Alima Zimanova, Azərbaycan Hava Yolları QSC-nin HSEQ direktoru Rəşad Haqverdiyev və sessiyaya moderatorluq edən “Avrasiya Rəqəmsal Ekspertlər Şəbəkəsi” – nin həmtəsisçisi Pavel Koktışev  ilə birlikdə bölüşmüşdür.

Xanım Krimpe nitqində, yeni nəsil kripto-agile və kvant əsaslı eSIM “Asan İmza” (Mobile ID) həllinin innovativ imkanlarını təqdim etmişdir.  Adıçəkilən həll, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və ölkədəki bütün mobil operatorlar – Azercell, Bakcell və Nar ilə əməkdaşlıq çərçivəsində tətbiq edilir və bu yenilik, rəqəmsallaşma və iqlim fəaliyyətinin kritik kəsişməsini göstərir.

Spiker çıxışında həmçinin bildirmişdir ki: “eSIM-in tətbiqi yalnız texnologiya sahəsində deyil, həm də davamlılıq baxımından əhəmiyyətli bir irəliləyişdir. Ənənəvi SIM kartlardan fərqli olaraq, eSIM-lər cihazlara birbaşa yerləşdirilir. Bu, artıq plastik SIM kartlara və onların qablaşdırılmasına ehtiyacın olmadığı deməkdir. eSIM-lərdən istifadə həm texnologiyamızı təkmilləşdirməyə və həmçinin, tullantıları azaldaraq, ətraf mühitə təsirimizi minimuma endirmək məqsədimizi dəstəkləyir.”

Xanım Krimpe öz çıxışında “Asan İmza”nın ekoloji davamlılığın təşviqi üçün effektiv vasitə kimi əhəmiyyətini vurğuladı. Onun sözlərinə əsasən, “Mobile ID – “Asan İmza” xidmətimiz vasitəsi ilə heç bir kağızdan istifadə etmədən 300 milyondan çox əməliyyat həyata keçirmişdir. Cəmi 5-6 il ərzində “Asan İmza” 15 yaşlı ağaclardan ibarət olan böyük meşəyə bənzəyən ən azı 200 min ağacı xilas etmişdir. Bu, rəqəmsal həllərin ətraf mühitə gətirə biləcəyi faydanın miqyasını göstərir. Kağız sənayesi havanın və suyun keyfiyyətinə zərər verən əsas çirkləndirici mənbələrdən biridir və çoxlu su istifadə edir. Məsələn, bir kağız vərəqinin istehsalı üçün 10 litrə qədər su tələb oluna bilər. Rəqəmsal texnologiya və elektron imzalardan istifadə edərək, müəssisələr kağıza olan ehtiyaclarını xeyli azalda və ya tamamilə aradan qaldıra bilərlər”.

Scope 3 (Əhatə sahəsi 3) emissiya idarəetməsi, dövri iqtisadiyyat prinsipləri və xüsusilə Avrasiya regionunda açıqlama nisbətlərinin artırılmasına dair təcili ehtiyaca diqqət yetirərək, GSMA M360 Avrasiya 2024 Beynəlxalq Konfransı regional və beynəlxalq siyasi və tənzimləyici liderlər, həmçinin mobil və rəqəmsal sektorların aparıcı korporasiyalarının rəhbərləri üçün bir platforma təmin edir. Proqram, ətraf mühitin qorunması üçün rəqəmsal innovasiyanı təməl daşı kimi istifadə edərək, regionda xalis sıfıra doğru sektoral öhdəliyi katalizləşdirməyi hədəfləyir.

“Asan İmza” haqqında daha ətraflı məlumat almaq üçün vətəndaşlar “1847” “Asan İmza” Çağrı Mərkəzi ilə əlaqə saxlaya, sosial media hesablarına (Facebook, Instagram, LinkedIn) müraciət edə, www.asanimza.az saytına daxil ola, və yaxud info@asanimza.az elektron poçtuna suallarını ünvanlaya bilər.

Konfrans və onun nəticələri haqqında ətraflı məlumat üçün https://www.gsma.com/m360/eurasia/  saytına daxil olmağınız xahiş olunur.