Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı və “Asan İmza” BMT-nin SPECA İQTİSADİ FORUMU 2020-də təqdim olundu

18-19 noyabr tarixlərində BMT-nin Asiya və Sakit Okean üçün İqtisadi və Sosial Komissiyası (UNESCAP), BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE) və BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatı üçün Xüsusi Proqramı (SPECA) nümayəndə heyətlərinin rəhbərləri ilə birlikdə virtual rejimdə “COVID-19 pandemiyasından sonra sosial-iqtisadi dirçəlişin dəstəklənməsində regional əməkdaşlıq” mövzusunda SPECA İQTİSADİ FORUMU – 2020 keçirdi.

SPECA-nın əsas məqsədi – SPECA regionunda iqtisadi əməkdaşlığın inkişafına kömək; SPECA-ya üzv ölkələrin dünya iqtisadiyyatına inteqrasiyası və Davamlı İnkişaf Məqsədlərə (DİM) nail olmaq məqsədilə transsərhəd əməkdaşlıq üçün platformanın təqdim edilməsindən ibarətdir.
COVID-19 pandemiyasının yaratdığı iqtisadi böhran, SPECA ölkələri də daxil olmaqla, dünya cəmiyyətləri və ölkələrinə ciddi ziyan vurdu. Böhran səbəbilə istehsalın pozulması, məşğulluq və əhalinin gəlirlərində kəskin azalma baş verdi. Bununla yanaşı özünütəcrid və lazımi lokdaun tədbirləri sosial-iqtisadi problemləri daha da artırdı və DİM-lərə çatma perspektivləri üçün proqnozu xeyli aşağı saldı. SPECA-ya üzv ölkələr olan Əfqanıstan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan nümayəndələri bu mövzuda dəyərli məruzələrini təqdim edərək, bu mövzu üzrə fikirlərini söylədilər.

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru cənab Vüsal Qasımlı COVID sonrası və münaqişədən sonrakı vacib dövrlər üçün bərpa işlərilə bağlı hökumətin planları barədə çıxış etdi. O, Azərbaycan torpaqlarının tamamilə azad edilməsindən sonra istifadə ediləcək yeni strateji yol xəritələrini təqdim etdi. Cənab Qasımlı ölkədə tətbiq olunan rəqəmsal texnologiyaların əhəmiyyətini vurğuladı: “Azərbaycan, transsərhəd və sənədsiz ticarətin asanlaşdırılması üçün hərtərəfli və effektli olacaq infrastruktur yaratdı. Azərbaycan Rəqəmsal Ticarət Qovşağının elektron Rezidentlik və mobil Rezidentlik proqramları dünyanın hər yerindən olan sahibkarlara yaşadıqları məkandan asılı olmayaraq Azərbaycanda işlərini qurmağa və idarə etməyə imkan verəcəkdir. Bu proqramlar sayəsində istifadəçilər hökumət tərəfindən təqdim edilən rəqəmsal ID kartlarından istifadə edərək Rəqəmsal Ticarət Qovşağının transsərhəd elektron xidmətlərinə əlyetərlik əldə edə biləcəklər. Qeyd etmək vacibdir ki, heç kəs bizim texnologiya strategiyamızdan kənarda qalmır və Rəqəmsal Ticarət Qovşağı bütün maraqlı tərəflərlə – dövlət və özəl sektoru təmsil edən təşkilatlarla qarşılıqlı əlaqələr yaradır, eləcə də davamlı yenidənqurma işlərində də böyük rol oynayır”. Cənab Qasımlı, başqa bir innovativ layihə olan azexport.az-dan da danışdı. O, qeyd etdi ki, bu layihə də Azərbaycan mallarının və xidmətlərinin böyük bir rəqəmsal bazarıdır, onun vasitəsilə Azərbaycan biznesi yeni bazar sahələrinə çıxa, eləcə də ticarət və ixracatı genişləndirə bilər.

Azərbaycandan daha bir nümayəndə “Asan İmza” mobil elektron imzanın texniki operatoru və Azərbaycan Rəqəmsal Ticarət Qovşağının (RTQ) partnyoru olan B.EST Solutions şirkətinin təsisçisi və direktoru xanım Jana Krimpe idi. Xanım Krimpe “İqtisadiyyatın hərtərəfli və effektli şəkildə bərpası üçün transsərhəd ticarətin və sənədsiz ticarət prosedurlarının sadələşdirilməsi” adlı III Sessiyada RTQ-nin tətbiqi ilə bağlı ətraflı təqdimat etdi. RTQ – İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, PAŞA Bank, B.EST Solutions və AzerTelecom arasında dövlət-özəl tərəfdaşlıq konsorsiumu hesab edilir. RTQ – həm dövlət, həm də özəl sektorun nümayəndələrinin rəqəmsal işçilər, frilanserlər və sahibkarlar üçün əlverişli iş mühitinin yaradılması məqsədilə görüşdükləri mərkəzdir. Xanım, bu layihənin həm regionda, həm də dünyada əhəmiyyətini vurğuladı. O, bildirdi ki, RTQ-nin gələcək inkişafı COVID sonrası dövrdə ölkənin sosial, iqtisadi və maliyyə sektorlarında rəqəmsal texnologiyanın köməyilə bərpa olunmasına davamlı olaraq təsir göstərəcəkdir.

Xanım Krimpe, eyni zamanda m-Rezidentlik layihəsindən də bəhs etdi: “Biz, dünyada unikallığı ilə ilk və Estoniyadan sonra e-Rezidentlik – virtual rezidentlik layihəsində ikinci olan bu layihənin işə başlaması ilə çox qürur duyuruq. Qeyd etmək istərdik ki, bu layihə dünyadakı hər bir insanın iqtisadiyyatımızda iştiraka cəlb edilməsi üçün xüsusi əhəmiyyət kəsb edir”. Bu proqram vasitəsilə hər kəs yaşadığı məkandan asılı olmayaraq, Azərbaycanda şirkət yarada və istifadədə lazımi bank xidmətlərinə sahib ola biləcəkdir. Jana Krimpe, eyni zamanda Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsinin yeni iqtisadi inkişaf dövrünün başlanğıcı olacağını və transsərhəd sənədsiz elektron ticarət üzrə tədbirləri əhəmiyyətli dərəcədə sürətləndirəcəyini də qeyd etdi.

O, pandemiyanın təsirindən də danışdı: “… COVID-19 dövründə onlayn tranzaksiyaların sayı nəzərəçarpacaq dərəcədə artdı və bu prosesə ölkənin bütün strukturları cəlb olundu. Beləliklə, bu strukturlar sürətlə uzaq məsafədən qoşulma xidmətlərini göstərməyə başladılar. Hökumət dərhal reaksiya göstərərək təcrid zamanı vətəndaşlara xidmət etmək üçün çox sayda yeni onlayn xidmətlər yaratdı”. O, Azərbaycanın bu cür fövqəladə hallarda operativ reaksiya nümunəsinin digər ölkələr üçün də aktual ola biləcəyini vurğuladı. Xanım Krimpe qeyd etdi ki, e-ticarət üzrə işlərin sürətləndirilməsi üçün siyasi marağın olması çox vacibdir və hökumət – infrastruktur, elektron ticarət və transsərhəd xidmətlərin inkişafında aparıcı rol oynayır.

Yuxarıda göstərilən faktlarla əlaqədar olaraq, BMT-nin Tacikistandakı koordinator-rezidenti xanım Sezin Sinanoğlu, m-Rezidentlik proqramının öyrənilməsinin digər ölkələr üçün maraqlı bir nümunə olacağını qeyd etdi. “…. İndi bütün dünyada böyük təcrübə və innovasiya üçün potensial vardır. Bu, bir-birimizdən öyrənmək üçün əla bir fürsətdir. Kimin nəyə sahib olduğunu bilmək üçün … Azərbaycanın B.EST Solutions şirkətindən olan həmkarımızı sevinclə qarşılayırıq. Özəl sektorla birbaşa əməkdaşlıq: onlar həll yollarını bilirlər; bu həll yolları üçün ideya və təklifləri var. Onların nə ilə ticarət edəcəklərinə yardım etmək üçün dialoqumuza dəvət edək”.

UNESCAP-ın Ticarət Siyasəti və Əlaqələndirmə şöbəsinin rəhbəri cənab Yan Dyüval da Azərbaycan təmsilçisinin təqdimatına dair vacib bir şərh əlavə etdi: “… Azərbaycan rəqəmsal və sadələşdirilmiş ticarət prosedurlarında dünyanın liderlərindən biridir”.
Sessiya haqqında daha ətarflı məlumatı buradan əldə edə bilərsiniz.