16.06.2021

Artıq COVID-Pasportunu “Asan İmza” ilə əldə etmək olar

“Asan İmza” mobil elektron imza istifadəçiləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi saytında və “MyGov” portalında COVID-Pasportunu əldə edə biləcəklər. 25 May 2021-ci il tarixindən etibarən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi covid-pasportlarının əldə edilməsilə bağlı bir açıqlama verdi.

COVID-19 pasportunun iki növü var: “COVID-19 vaksin sertifikatı” və “COVID-19 immunitet sertifikatı”. “COVID-19 vaksin sertifikatı” COVID-19 xəstəliyi əleyhinə vaksinasiya olunanlara (iki dozada), “COVID-19 immunitet sertifikatı” isə xəstəliyə yoluxub sağalmış şəxslərə verilir. Sözügedən sertifikatları əldə etmək üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet səhifəsində E-xidmətlər bölməsinin “Şəxsi Kabinetə giriş” (https://kabinet.its.gov.az/az/index) altbölməsi seçilməlidir. Bu bölmə “MyGov” portalına da inteqrasiya edilib.

İstifadəçi, “Asan İmza” mobil elektron imza vasitəsilə “ASAN Login” sisteminə daxil olaraq, açılan pəncərədə “Digər xidmətlər” bölməsini seçməlidir. “Digər xidmətlər” bölməsi seçildikdə, ekranda aşağıdakı parametrlər əks olunacaqdır: “COVID-19 vaksin sertifikatı” və ya “COVID-19 immunitet sertifikatı”. Vətəndaş vaksin olunduqda, “COVID-19 vaksin sertifikatı” seçimini etməlidir. Xəstəliyə yoluxub sağalmış şəxs isə “COVID-19 immunitet sertifikatı” seçimini etməlidir.
Təqdim olunan covid-pasportunu elektron formatda yükləmək, eləcə də onu çap versiyasında əldə etmək mümkündür. Covid-pasportunun doğruluğunu sənəddə əks olunan “QR Code” vasitəsilə yoxlamaq olar.

Bundan başqa qeyd edək ki, vətəndaşlar covid-pasportunu “E-Təbib” mobil tətbiqi vasitəsilə də əldə edə bilərlər.
Xüsusilə vurğulanmalıdır ki, “Asan İmza” xidmətini mövcud olan mobil nömrədə də aktivləşdirmək olar və yeni nömrənin əldə edilməsinə ehtiyac yoxdur. “Asan İmza” xidmətinin aktivləşdiyi nömrədən istifadə etdikdə, həmin nömrəyə dövlət qurumları və digər elektron xidmət təchizatçılarından birbaşa olaraq, vacib ismarıcları qəbul etmək mümkün olacaqdır.

Azərbaycanda dövlət və özəl qurumlar tərəfindən təqdim olunan 1000-dən çox elektron xidmət “Asan İmza” mobil elektron imza vasitəsilə əlyetərlidir. Məsələn, “Asan İmza” ilə elektron vergi bəyannamələrinin təqdim edilməsi; malların və nəqliyyat vasitələrinin gömrük bəyannaməsinin elektron qaydada doldurulması; güzəştli mənzilin əldə edilməsi üçün müsabiqədə iştirak ərizəsinin təqdim edilməsi; onlayn rejimdə bank hesabının açılması; tender qarantiyasının onlayn əldə edilməsi; internet və mobil bankçılığın qeyri-məhdud sayda əməliyyatlarının icra edilməsi kimi vacib elektron xidmətlərə əlyetərlilik mümkündür.