10.10.2019

B.EST Solutions şirkəti “Dövlət-Özəl Tərəfdaşlığı Konsorsium”un yaradılması haqqında Müqaviləni imzaladı

9 oktyabr 2019-cu ildə Bakıda “İpək Yolunun Rəqəmsallaşması” mövzusunda keçirilən üçüncü rəqəmsal ticarət forumunda Azərbaycanın tarixində ilk dəfə olaraq “Asan İmza” mobil elektron imza vasitəsilə Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, PAŞA Bank, B.EST Solutions və AzərTelekom arasında “Dövlət-Özəl Tərəfdaşlığı Konsorsium”un yaradılması haqqında Müqavilə imzalanmışdır. Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilmiş konfransda ABŞ, İsrail, Rusiya, Böyük Britaniya, Estoniya, Türkiyə, İspaniya və digər ölkələrdən 200-ə yaxın nümayəndə iştirak edib.

Konfransda “Asan İmza”nın operatoru, Rəqəmsal Ticarət Qovşağı (RTQ) layihəsinin partnyoru, həmçinin Azərbaycanda Mobile-ID layihəsi üzrə konsorsiumun rəhbəri olan B.EST Solutions şirkətinin direktoru və təsisçisi, xanım Jana Krimpe çıxış edərək bildirmişdir ki, yaradılacaq Konsorsium dövlət və özəl sektoru arasında davamlı inkişaf istiqamətində əməkdaşlıq üçün yeni üfüqlər açacaq və bu layihə Azərbaycanın rəqəmsallaşması istiqamətnində atılan çox uğurlu bir addım hesab oluna bilər.

Konsorsiumun qurulması Azərbaycanın regionda rəqəmsal ticarət qovşağı kimi mövqeyinin daha da gücləndirilməsi, rəqəmsal texnologiyaların sosial və iqtisadi sahələrdə, maliyyə sektorunda tətbiqinin daha da genişləndirilməsi, rezident və qeyri-rezident olan fiziki və hüquqi şəxslərin elektron xidmətlərdən daha da asanlıqla istifadə edə bilmələri üçün mövcud xidmətlərin elektronlaşması, yeni xidmətlərin təqdim edilməsi və digər yeniliklərin həyata keçirilməsinə töhfə verəcəkdir.

Qeyd edək ki, layihə çərçivəsində transsərhəd elektron xidmətlərin təqdim olunması prosesinin bu istiqamətdə müvafiq qanunvericilik ilə möhkəmləndirilməsi Azərbaycan üçün geniş imkanlar açacaqdır.