27.11.2019

B.EST Solutions “Asan İmza” texnologiyasına əsaslanaraq hazırlanmış həllə görə ABŞ Milli Standartlar və Texnologiya İnstitutu (NIST) tərəfindən mükafatlandırıldı

ABŞ Milli Standartlar və Texnologiya İnstitutunun (NIST) İctimai Təhlükəsizlik sahəsində Tədqiqatlar şöbəsi (PSCR) IBM şirkətilə birlikdə “İctimai Təhlükəsizlik üzrə SIM kartların istifadəsinin genişləndirilməsi” ümumdünya müsabiqəsi çərçivəsində işçi həllin işlənib hazırlanmasındakı əhəmiyyətli töhfəsinə görə B.EST Solutions şirkətini mükafatlandırmışdı.

B.EST Solutions şirkəti “Asan İmza” texnologiyasına əsaslanan və bank kartları və loyal kartlar daxil olmaqla qeydiyyat verilənlərinin (sürücülük vəsiqəsi, şəxsiyyət vəsiqəsi, pasportlar, tələbə biletləri və s.) etibarlı şəkildə saxlanılması və təhlükəsiz şəkildə təqdim edilməsinə imkan verən mobil həlli işləyib hazırlamışdır. Bundan əlavə qeyd olunan mobil həldən binaya fiziki girişin idarə olunması üçün də istifadə etmək olar.

“Biz belə bir nüfuzlu mükafatı almaqdan çox məmnunuq”, – deyə B.EST Solutions şirkətinin təsisçisi və direktoru xanım Jana Krimpe bildirmişdir. “NIST mükafatı, keyfiyyətin dünya miqyasında tanınmasıdır, çünki bu, dünyada informasiya təhlükəsizliyi, xidmətlər və məhsullar üzrə standartların işlənib hazırlanmasına rəhbərlik edən çox vacib elmi institutdur”.

ABŞ Ticarət Nazirliyinin nəzdində NIST, ABŞ-da və bəlkə də dünyada bütün elmi agentliklər içərisində ən böyük elmi-texniki portfelə malikdir.

Müsabiqənin müddəti 7 ay idi və bu müddət ərzində texnoloji təhlükəsizlik, standartlar və tapşırıqların həlli əsasında bir neçə mərhələdə hərtərəfli sınaqdan keçirildi.

Xanım Krimpe bildirib ki, B.EST Solutions şirkəti bu həlli Azərbaycan vətəndaşlarının istifadəsinə təqdim etmək və bununla da innovasiyanın inkişafına töhfə vermək niyyətindədir. Yerli tərəfdaşlarla birlikdə B.EST Solutions şirkəti “Asan İmza +” adı altında tamamilə yeni bir mobil proqramın tətbiqi üzrə plan hazırlayıb. Bu, bütün vətəndaşların həyat fəaliyyətində  istifadədə rahatlığı təmin edəcək və Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə töhfə verən rəqəmsal cəmiyyətin gələcək inkişafına təsir edəcəkdir.