14.11.2016

Ukrayna nümayəndə heyəti “Asan İmza” texnologiyası ilə tanış olmaq məqsədilə Bakıda səfərdə olmuşdur

Cari ilin 10-11 noyabr tarixlərində Ukraynanın Elektron Hökumət Agentliyinin, Ədliyyə Nazirliyinin və “Kiyvstar” mobil rabitə operatorunun nümayəndələrindən ibarət heyət Bakıda səfərdə olmuşdur.
Səfər Azərbaycanın elektron xidmətlər və əhaliyə xidmətlərin göstərilməsində tətbiq edilən qabaqcıl texnologiyalar sahəsində təcrübəsi ilə tanışlıq məqsədi daşımışdır. Səfər çərçivəsində Ukrayna nümayəndə heyəti Azərbaycan Respublikası Vergilər Nazirliyində, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində, “Azercell Telekom” və “B.EST Solutions” şirkətlərində görüşlər keçirmişlər. Görüşlər zamanı əsas diqqət “Asan İmza” mobil gücləndirilmiş elektron imza xidməti ilə bağlı olan mövzulara yönəlmişdir. Xüsusilə Azərbaycanın mobil identitet ekosisteminin arxitekturası, dövlət və özəl sektorlarının əməkdaşlığı əsasında fəaliyyət göstərən sistemin komponentlərinin qarşılıqlı əlaqəsi, mobil elektron imza vasitəsilə mümkün olan innovativ elektron xidmətlər və digər mövzular müzakirə predmeti olmuşdur.

Qeyd etmək lazımdır ki, sözügedən səfər iki ölkə arasında rəqəmsal identitet və etimad xidmətlər sahəsində mövcud olan əməkdaşlığın davamıdır. Xatırladaq ki, “B.EST Solutions” şirkətinin və Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzinin texniki dəstəyi ilə bu yaxınlarda Ukraynada “Asan İmza” texnologiyasının analoqu olan xidmət pilot rejimində işə salınmışdır. Bu əməkdaşlığın nəticəsi olaraq hazırda Ukraynada Azərbaycanın “Asan İmza” mobil rəqəmsal imza texnologiyası əsasında bu ölkənin milli mobil imza sertifikatının verilməsi mümkündür.