30.11.2015

ISESCO Azərbaycan mütəxəssislərinin hazırladığı sənədlərin elektron imzalanması platformasını tətbiq etməyi planlaşdırır

23-27 noyabr tarixlərində Bakıda İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) İcraiyyə Şurasının 36-cı iclası və ISESCO Baş Konfransın 12-ci sessiyası baş tutub. Baş konfransın gedişatında ISESCO-nun elektron sənəd dövriyyəsi sistemində sərhədlərarası innovativ elektron və mobil imza və elektron sənədlərin idarə edilməsi platformasının tətbiqinə dair Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüs nəzərdən keçirilib.

Qeyd etmək lazımdır ki, öz sıralarında 50-dən artıq ölkəni birləşdirən beynəlxalq təşkilat çərçivəsində daxili elektron identitetin tətbiqi dünya miqyasında bu qəbildən olan ilk belə innovativ layihədir.

Tədbirdə mövzuya dair təqdimatla çıxış edən “B.EST Solutions” şirkətinin təsisçisi xanım Yana Krimpe bu ideyanın yaranması tarixi barədə məlumat vermiş, eləcə də sözügedən layihənin imkanları və ISESCO daxilində tətbiqi perspektivlərindən danışmışdır. “ISESCO BESTDOC PORTAL” adlandırılacaq bu platforma xüsusi olaraq ISESCO üçün Azərbaycanın “Asan İmza” və “Asan ID” mobil və elektron identitetlərinin bazasında hazırlanmış universal “ISESCO ID” rəqəmsal identitet alətinin köməyilə fəaliyyət göstərəcək və ISESCO-ya üzv olan ölkələr üçün sənəd dövriyyəsini təkmilləşdirmək məqsədilə hazırlanmış vahid elektron mühit çərçivəsində fəaliyyət imkanı yaradacaq. Platformadan istifadə etməklə “ISESCO ID & m-ID” aləti vasitəsilə istifadəçilərin gücləndirilmiş autentifikasiyası və imza səlahiyyətlərinin təsdiqi, sənədlərin elektron imzalanması, saxlanması və sistemin digər istifadəçiləri ilə paylaşılması mümkün olacaq. Ümumilikdə, sistemin işə düşməsi ISESCO-ya üzv ölkələr arasında qarşılıqlı əlaqələrin IT innovasiyalara və elektron həllərə söykənən müstəvidə daha da inkişaf etməsinə zəmin yaradacaq.

Hazırda “B.EST Solutions” şirkəti tərəfindən “ISESCO BESTDOC PORTAL” layihəsinin texniki aspektləri üzərində iş aparılır. İlkin olaraq platformanın 2016-cı ildə istismara verilməsi planlaşdırılıb.