29.08.2014

Forbes: Estoniyanın rəqəmsal inqilabı Azərbaycanda öz əksini tapmışdır

Dünyanın nüfuzlu “Forbes” jurnalının eston dilində dərc olunan versiyasının 2014-cü il avqust ayında buraxılmış sayında Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində son illər müşahidə edilən innovativ inkişaf meylləri, dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni mərhələsi olan Elektron Hökumət və elektron xidmətlərin ölkədə tətbiqi istiqamətində qazanılmış nailiyyətlər və bu sahədə mövcud olan perspektivlər barədə geniş məqalə işıq üzü görmüşdür.

Məqalədə hələ 2003-cü ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən imzalanmış “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiyadan (2003-2012-ci illər)” irəli gələn prioritet inkişaf hədəflərindən biri olan Elektron Hökumət konsepsiyasının tətbiqi sahəsində əldə edilmiş parlaq nəticələrdən geniş bəhs olunur.

Ölkədə innovativ İKT-nin inkişafı və bu zəmində Elektron Hökumətin bərqərar edilməsində müxtəlif dövlət qurumlarının səmərəli qarşılıqlı fəaliyyətinin önəmli rol oynadığı bildirilən məqalədə həmçinin dövlət qurumları və özəl sektor tərəfindən göstərilən xidmətlərin vətəndaşlar üçün daha əlçatan, operativ və şəffaf edilməsi məqsədilə yaradılmış və Azərbaycan Respublikası Prezidentinin yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nəzdində fəaliyyət göstərən “ASAN Xidmət” Mərkəzlərinin iş prinsipi geniş işıqlandırılmışdır.

Məqalədə respublikada elektron xidmətlərin geniş vüsət almasının fonunda həyata keçirilən yeni və innovativ layihə olan “Asan İmza” mobil elektron imzanın tətbiqi və onun üstünlükləri barədə də ətraflı məlumat verilmiş, sözügedən layihənin Azərbaycan və Avropa Birliyi ölkələri arasında elektron sənəd dövriyyəsinin və transsərhəd elektron xidmətlərin təşəkkül tapması və inkişafı üçün güclü zəmin yaratması qeyd olunmuşdur.

Yazıda Azərbaycan barədə beynəlxalq ictimaiyyətdə neft məmləkəti təsəvvürünün formalaşması ənənəsinin yeni, Elektron Hökumət infrastrukturunun uğurla tətbiq edildiyi ölkə imici ilə əvəz edilməsi tendensiyası vurğulanır, bu da Azərbaycanda neftdən sonrakı inkişafın məhz İKT sektoru hesabına təmin edilməsi və elmtutumlu innovativ texnologiyaların xüsusi çəkisinin artırılması istiqamətində ölkə başçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların təzahürüdür.

digital_revolution_albom_280814_1

Mənbə 1
Mənbə 2
Mənbə 3