04.09.2014

B.est Solutions şirkəti Bakıda keçirilən İKT konfransında təmsil olunub

Bakıda Azərbaycan-Amerika Ticarət Palatası və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycanda rabitə və yüksək texnologiyalar sektoru üçün yaradılmış işgüzar mühit” mövzusuna həsr olunmuş konfrans keçirilib.

Davos formatında keçirilmiş konfransda yerli İKT sektorunun aparıcı şirkətlərinin rəbərləri ilə təhsil və maliyyə qurumları, həmçinin Rabitə və Yüksək Texnologiyalar və Vergilər nazirliklərinin səlahiyyətli nümayəndələri, o cümlədən, nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri arasında telekommunikasiya sektorundakı inkişaf təmayülləri müzakirə olunub.

Konfransı giriş nitqi ilə açan Rabitə və Yüksək Texnologiyalar Naziri Əli Abbasov Azərbaycan hökumətinin özəl sektorun yüksək texnologiyalar sahəsini inkişaf etdirəcəyinə böyük ümidlər bəslədiyini qeyd edib. Nazir həmçinin xarici dövlətlərə ixrac edilə bilməsi üçün özəl sektor tərəfindən yeni rəqabətli məhsulların yaradılmasında hökumətin yaxından dəstək göstərməyə hazır olduğunu vurğulayıb.

İştirakçılar interaktiv sessiyalarda Azərbaycanda telekommunikasiya və maliyyə qurpları arasında imkanlar və dilemmalar, yüksək texnologiyalarda insan resurslarının potensialı, yüksək texnologiya məhsullarının stimullaşdırılması məsələlərini müzakirə ediblər.

Məruzəçilər arasında Azərbaycanda “Asan İmza” platformasının operatoru B.est Solutions şirkətinin təsisçisi, Azərbaycan-Estoniya Ticarət Palatasının sədri Yana Krimpe də çıxış edib. Y.Krimpe elektron və mobil hökumətin inkişafında “Asan İmza” rəqəmsal mobil xdmətinin rolundan və mobil imza xidmətinin ixrac perspektivlərindən danışıb, B.est Solutions şirkətinin gələcək layihələri haqqında məlumat verib.

Y.Krimpe qeyd edib ki, neft resursları ilə zəngin ölkə kimi tanınan Azərbaycan yeni, inkişaf etmiş yüksək texnologiyalar infrastrukuru ilə dünyaya açılır. O bildirib ki, İKT reytinqlərində ölkələrdəki real vəziyyət heç də həmişə nəzərə alınmır və Azərbaycanın yüksək texnologiyalar sahəsində əldə etdiyi uğurlarını dünya ictimaiyyətinə çatdırmaq üçün çox işlər görmək lazımdır.

Y.Krimpe Azərbaycanın tanıdılmasında əsas işin hər bir şirkətin üzərinə düşdüyünü qeyd edərək konfrans iştirakçılarına nüfuzlu “Forbes” jurnalının eston versiyasında işıq üzü görmüş Azərbaycanın yüksək texnologiyalar sahəsində əldə etdiyi nailiyyətlərdən bəhs edən geniş məqalə haqqında məlumat verib.

Onun sözlərinə görə Azərbaycanın yüksək texnoloji məhsullarının xaricə ixrac edilməsinin vaxtı çatıb və “Asan İmza” transmilli elektron xidmətlərin yaradılmasında, həmçinin müxtəlif ölkələr arasında biznesin inkişafı üçün əhəmiyyətli alət rolunu oynaya bilər.

Konfrans zamanı Böyük Dördlüyə daxil olan nüfuzlu “Deloitte” audit şirkətinin nümayəndəsi Tural Hacıyev Vergilər Nazirliyinə və “Asan İmza” mobil elektron imzanın operatoru olan B.est Soltuions şirkətinə “Asan İmza”nın tətbiqinə və göstərdiyi keyfiyyətli xidmətə görə təşəkkürünü bildirərək, mobil imzanın “Deloitte” şirkətinin müştərilərinin işini olduqca sadələşdirdiyini xüsusilə vurğulamışdır. Konfransın gedişatında iştirakçıların “Asan İmza” mobil elektron imzaya olan geniş marağı nəzərə alınaraq, onlara “Asan İmza”nın son nailiyyətlərini özündə ətraflı şəkildə əks etdirən broşürlər paylanmışdır.

Xatırladaq ki, B.est Solutions şirkətinin Vergilər, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin və Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) birgə həyata keçirdiyi layihə çərçivəsində yaratdığı “Asan İmza” (Mobil İmza) platforması elektron xidmətlərə daxil olarkən rəqəmsal imzalar edən vətəndaşların, dövlət qulluqçularının və hüquqi şəxslərin kimliyini təsdiqləyən mobil identifikasiya və imzalama sistemidir.

unnamed