03.05.2013

Vergilər Naziri: Azərbaycanda elektron hökumətdən mobil hökumətə keçid başlayır

Azərbaycanda elektron hökumətdən mobil hökumətə keçid başlayır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı vergilər naziri Fazil Məmmədov “Asan imza – mobil hökumətə açar” mövzusunda təşkil olunan konfransda çıxışı zamanı bildirib.

«ASAN imza - mobil hökumətin açarıdır» konfransı

“Vergilər Nazirliyi elektron xidmətlərin tətbiqi zamanı mövcud və gələcək problemlərin qarşısının alınması məqsədilə avtomatlaşdırılmış vergi informasiya sistemi (AVİS) ilə sıx inteqrasiya olunan elektron imza sertifikat xidmətləri mərkəzi yaradılıb.

Mərkəz Avropa standartlarına uyğun şəkildə hazırlanıb ki, bu da elektron imzanın Azərbaycanda və Avropada qarşılıqlı tanınmasına icazə verəcək. Nazirin fikrincə, bu, Azərbaycan vətəndaşlarına digər ölkələrin vətəndaşları ilə birgə şirkətlər qurmağa və internet vasitəsilə online rejimdə müqavilələr imzalamağa imkan verəcək.

“Mərkəz mobil imza mərkəzi ilə inteqrasiya olunduğundan elektron imzaya istənilən növ qurğudan çıxış imkanı olacaq. Bu da öz növbəsində ölkədə internet və mobil bankçılığın inkişafına və nağdsız ödəmələrin genişlənməsinə təkan verəcək”, – Məmmədov bildirib.

Onun sözlərinə görə, bu xidmətin işə salınması və onun mobil imza mərkəzi (ASAN-imza) ilə inteqrasiya olunmasını elektron hökumətdən mobil hökumətə keçid kimiq iymətləndirmək lazımdır.

“Azərbaycanda informasiya texnologiyalarının və mobil xidmətlərin davamlı inkişafı əhali arasında elektron xidmətlərdən istifadə tələbatını və elektron imzaların tətbiqinin zəruriliyini artırır”, – nazir bildirib.

Onun sözlərinə görə, Vergilər Nazirliyi elektron xidmətlərin sayının artırılmasını, elektron imzaların tətbiqinin genişləndirilməsini və mobil qurğular vasitəsilə xidmətlərin göstərilməsini planlaşdırır.

Konfrans Vergilər, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri və Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi – “Asan Xidmət” tərəfindən təşkil olunub.

Mənbə: Trend News Agency