06.12.2013

Asan İmza (Mobil İmza) “Bakutel 2013” sərgisində təmsil olundu

Dekabr ayının 2-5 tarixlərində Xəzər və Qafqaz regionlarının telekommunikasiya və informasiya texnologiyaları sahəsində ən böyük tədbir “Bakutel 2013” sərgisi keçirildi. Builki sərgi iştirakçıların və onlar tərəfindən təqdim edilən layihələrin artan sayı ilə seçilirdi ki, bu da təəccüblü deyildir, çünki məhz 2013-cü il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “İKT ili” elan edilmişdir. “Bakutel-2013” sərgiyə gələn vətəndaşlara dünyanın 28 ölkəsinin 300-dən çox şirkətinin həll və xidmətlərini nümayiş etdirdi.

Hər il olduğu kimi bu il də Bakutel sərgisində iştirak edən B.est Solutions şirkəti Azərbaycanda artıq tanınan mobil elektron imza olan Asan İmza ilə bağlı yeni xidmətləri təqdim edib. Bunların sırasında Asan İmza-dan istifadə zamanı qənaət edilmiş xərclərin kalkulyatoru, eləcə də mobil elektron imza Asan İmzanı dəstəkləyən Signwise beynəlxalq rəqəmsal autentifikasiya və elektron imza sistemini qeyd etmək olar. Artıq Asan İmzanın bütün istifadəçiləri Finlandiya, Estoniya, Litva, İsveçrə və s.bu kimi Avropa ölkələrinin nümayəndələri ilə birlikdə elektron sənədləri imzalamaq imkanı əldə etmiş olurlar. Sərgiyə gələn vətəndaşlar tədbirin keçirildiyi bütün müddət ərzində Asan İmza həllinin üstünlükləri ilə ətraflı tanış olmaq fürsəti əldə etdilər.