19.03.2018

“GUAM Rəqəmsal Ticarət Qovşağı”nın işlənib hazırlanması üzrə dəyirmi masa keçirilmişdir

15-16 mart 2018-ci il tarixlərində GUAM-ın Kiyevdəki katibliyində GUAM sahəvi əməkdaşlığın aktivləşdirilməsi üzrə fəaliyyət Planının icrası ilə bağlı “GUAM Rəqəmsal Ticarət Qovşağı”nın işlənib hazırlanması üzrə dəyirmi masa keçirildi.

GUAM Katibliyi proqramlarının koordinatoru cənab S. Temirov iştirakçıları salamlayaraq GUAM Rəqəmsal Ticarət Qovşağının yaradılması təşəbbüsü və bu layihəyə olan ümidlər haqqında qısa məlumat verdi. Dəyirmi masanın iştirakçıları GUAM-ın azad ticarət zonası və nəqliyyat koridorunun, eləcə də elektron rəqəmsal imzanın tətbiqi sahəsinin inkişafında rəqəmsal texnologiyaların tətbiqi, həmçinin GUAM-a üzv dövlətlərin kiçik və orta biznes nümayəndələri ilə rəqəmsal ticarət qovşağının istifadəsi perspektivlərini müzakirə etdilər.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin fəaliyyətinin qiymətləndirilməsi və inkişaf proqramı şöbəsinin rəhbəri İqbal Babayev tədbir çərçivəsində GUAM rəqəmsal ticarət qovşağının eskizini təqdim etmişdir.

B.EST Solutions şirkətinin rəhbəri xanım Yana Krimpe öz çıxışında GUAM-a üzv dövlətlərin dövlət sərhədlərindən keçirilən məhsulların və nəqliyyat vasitələri üçün gömrük bəyannamələrinin hazırlanması zamanı elektron, o cümlədən mobil imzaların tanınması konsepsiyasının işlənib hazırlanması və qəbulunun xüsusi əhəmiyyətini qeyd etmişdir.

Görüşün nəticəsi kimi “GUAM Rəqəmsal ticarət qovşağı” layihəsinin reallaşdırılması üçün işçi qrupun yaradılması, GUAM-a üzv dövlətlər arasında pilot transsərhəd xidmətlərinin müəyyənləşdirilməsi, eləcə də “GUAM Rəqəmsal Ticarət Qovşağı”nın fəaliyyəti ilə bağlı təkliflərin işlənib hazırlanması qərara alınmışdır.

Tədbir çərçivəsində kiçik və orta biznesin genişləndirilməsi üzrə GUAM-Yaponiya seminarında iştirak edən ekspertlərlə görüş təşkil edilmişdir. Qeyd olunan tədbir zamanı iştirakçılar bu sahədə mümkün layihələr üzrə təkliflər işləyib hazırlamış və bu layihə ilə bağlı öz qeydlərini təqdim edəcəklərini bildirmişdilər.