03.05.2018

Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı ABŞ-da təqdim edilmişdir

2018-ci il aprelin 30-dan mayın 2-dək Vaşinqton şəhəri, Kolumbiya dairəsində biometriya və identifikasiyanın idarə edilməsi üzrə aparıcı qlobal tədbir olan “Connect:ID” keçirildi. Bu tədbir çərçivəsində baş tutan konfrans və sərgidə sənaye, hökumət və adi istehlakçıların nümayəndələri son layihələrlə tanış ola, həm fiziki, həm də rəqəmsal identitet konsepsiyasını formalaşdıran siyasət və texnologiyalarla bağlı sualları müzakirə edə bildilər.

Britaniya şirkəti Science Media Partners Ltd və The International Biometrics + Identity Association (IBIA) Amerika ticarət assosiasiyasının dəstəyi ilə təşkil olunan konfrans identifikasiyanın, onun istifadə sferasından (aviasiya və sərhəd nəzarətindən tutmuş səhiyyə, maliyyə, təhsil və s. qədər) asılı olmayaraq, təhlükəsiz texnologiyalar vasitəsilə autentifikasiyanın öyrənilməsinə həsr olunmuşdur. Connect:ID layihələrin işlənib hazırlanması, öyrənilməsi və identifikasiyanın qabaqcıl texnologiyalarının tətbiqi məqsədilə qabaqcıl sahə mütəxəssislərini, dövlət strukturlarının nümayəndələrini və istifadəçiləri birləşdirir.

Müzakirələrin əsas mövzuları uçot yazıları, mobil identitetlər və Internet of Things- gələcəyin texnologiyalarına həsr olunmuşdur. Bundan əlavə kiber-dolandırıcılıq, rəqəmsal məkanda şəxsiyyətin identifikasiyası, şəxsi məlumatların oğurlanması, milli təhlükəsizlik və kiber-müdaxilə təhdidləri problemlərinə baxılmış, həmçinin konfidensiallıq çox ola bilərmi, konfidensiallıqla anonimlik arasında necə bir əlaqə var kimi fundamental məsələlərə yer ayrılmışdır. Biometriya, milli identifikasiya konsepsiyası, eləcə də mobil texnologiyalara münasibətdə rəqəmsal identifikasiya sahəsində genişlənmələr kimi mövzular işıqlandırılmışdır.

Azərbaycan eyni anda konfransın iki sessiyasında “Mobil identitet: Azərbaycanda Asan İmza ilə sosial, maliyyə və texnoloji inteqrasiyanın yğurlu artımı” və “Azərbaycan hökumətinin Rəqəmsal Ticarət Qovşağı” prezentasiyaları ilə təmsil olunmuşdur. FutureTrust Avropa layihəsi çərçivəsində Avropa İttifaqı ilə Azərbaycan arasında transsərhəd elektron xidmətlərin reallaşdırılmış modeli təqdim edilmiş, eləcə də Avropa dövlətlərilə artıq mövcud olan prinsip üzrə Amerika kontinenti ölkələrilə transsərhəd ticarət əməkdaşlığının imkanları müzakirə edilmişdir.

Qeyd edək ki, Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının partnyoru olan “B.EST Solutions” 2017-ci ildən FutureTrust Avropa layihəsinin assosiativ üzvü hesab edilir. Bura Almaniya, Böyük Britaniya, Portuqaliya, Avstriya, Gürcüstan, Türkiyə, Cənubi Afrika Respublikası, Serbiya, Estoniya, Norveç, İsrail və İsveçrə kimi ölkələr daxildir.

FutureTrust proqramlara eIDAS qoşmağa və layihənin pilot versiyasını nümayiş etdirməyə imkan verən həlləri təqdim etdi. Çıxış edənlər FutureTrust-ın həm işgüzar, həm də texniki aspektlərini müzakirə etmiş, eləcə də transsərhəd etibarlığında onun vacibliyini xüsusilə qeyd etmişdilər. “Asan İmza” gücləndirilmiş mobil elektron imzanın operatoru olan “B.EST Solutions” Azərbaycan şirkətinin rəhbəri xanım Yana Krimpe Azərbaycan Respublikası Prezidenti və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təşəbbüsü ilə yaradılan Rəqəmsal Ticarət Qovşağı haqqında məruzə ilə çıxış etmişdir. Qeyd edilmişdir ki, bu Qovşaq Azərbaycan ilə Avropa, eləcə də Azərbaycanın ticarət partnyorları olan digər ölkələr arasında transsərhəd elektron xidmətlərin inkişafına istiqamətlənmişdir.

Stroz Friedberg şirkətinin vise-prezidenti Brayan Hörd, Oksford Universiteti və Corc Vaşinqton Universitetinin hüquq üzrə professoru Conatan Terli, ABŞ-ın Gömrük və Sərhəd Xidmətinin Torpaq Əməliyyatları üzrə komissar köməkçisinin müavini Con Vaqner, ABŞ-ın Səhiyyə və sosial xidmətlər Departamentinin səhiyyə məsələləri, tibbi resurslar administrasiyası üzrə Baş məsləhətçisi Matt Kuin, İATA aviasiya dəstəyinin rəhbəri Selin Kanu, “Connect:ID” konfransının həmsədri Mark Loki, eləcə də rəqəmsal identifikasiya üzrə ixtisaslaşan qabaqcıl şirkətlərin, elektron hökumətlərin, Elektron İdentitet və təhlükəsizlik üzrə Avropa Assosiasiyası, həmçinin ABŞ və Avropanın nüfuzlu ali məktəblərinin nümayəndələri tədbirin əsas məruzəçiləri olmuşdur.

Xanım Yana Krimpe öz çıxışlarında ASAN Xidmət, elektron hökumətin innovativ xidmətləri, e-gömrük və e-vergi, Asan İmzanın 195 Çağrı Mərkəzinə inteqrasiyası da daxil olmaqla bu kimi innovativ layihələri təqdim etmiş, ölkədə həyata keçirilən islahatlardan danışmışdır. O, həmçinin konfrans iştirakçılarını AZINNEX konsorsiumu ilə tanış etmiş və Azərbaycan innovasiyalarının digər ölkələrdə tətbiqi imkanlarını müzakirə etmişdir. Azərbaycanda Asan İmza mobil identifikatoru 2014-cü ildə buraxılmışdır. Ölkədə keçirilən innovasiyalar və aparılan islahatlar sayəsində Azərbaycan regionda biznes üçün əlverişli və ən şəffaf ölkələrdən birinə çevrilmişdir ki, bu da Dünya bankının “Biznesin aparılmasının sadəliyi” reytinqində öz müsbət əksini tapmışdır.

istinad