26.02.2019

Azərbaycanda Xocalı soyqırımının 27-ci ildönü qeyd edilir

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri və keçmiş SSRİ-nin 366-cı motoatıcı alayı Dağlıq Qarabağın ikinci böyük yaşayış məntəqəsi olan Xocalını işğal edərək azərbaycanlılara qarşı soyqırımı törətdi.

Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfərə yaxın xocalı sakini Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə cəhd edərkən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu. Bu soyqırımı nəticəsində 63 uşaq, 106 qadın, 70 qoca qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü.

Həmin qanlı gecədə erməni təcavüzkarlarının törətdikləri vəhşilik və cinayətin dəhşətləri yaddaşlardan heç zaman silinməyəcəkdir.

Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyil, bəşəriyyət əleyhinə törədilmiş qanlı cinayətdir.