29.10.2018

Azərbaycanda dünyada ilk dəfə olaraq m-Rezidentlik təqdim edildi

24 oktyabr 2018-ci il tarixində Bakıda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İslam, Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) ilə birgə təşkil etdikləri “Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı”nın ikinci beynəlxalq konfransının “e&m-Rezidentlik” Proqramının açılış mərasimi baş tutdu.

Konfransda Avropa İttifaqı və Dünya Bankı, BMTİP, Rusiya, Hollandiya, Estoniya, İngiltərə, Polşa, İsveçrə, Çin və digər ölkələrin nümayəndələri, eləcə də Azərbaycanın hökumət və ictimai təşkilatlarının nümayəndələri iştirak ediblər. Konfransın açılışında, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru cənab Vüsal Qasımlı hesabatla çıxış etdi. İcraçı direktor xüsusilə vurğulamışdır ki, məhz yeni texnologiyaların insan həyatına təsiri, pulun təkamülü, zənginliyin bölüşdürülməsi, yeni iqtisadi mühərriklərin işə salınması, yaşıl iqtisadiyyat, insanların coğrafi bölgüsü və ticarət paradoksu gələcək dünya iqtisadiyyatını təyin edir. “Qlobal tendensiyaları nəzərə alaraq, Azərbaycan dördüncü sənaye inqilabının ruhuna uyğun olaraq rəqabətqabiliyyətli bir iqtisadiyyat qurmalıdır. Dünyada İkinci Rəqəmsal Ticarət Qovşağı, rəqəmsal ticarətə keçid, dünya üzrə Azərbaycanda ilk mobil və ikinci elektron rezidentlik – ölkəmizin innovasiyanın inkişafına verdiyi töhfədir “, – deyə cənab Qasımlı bildirmişdir.

ISESCO-nun baş direktoru cənab Əbdüləziz bin Osman əl-Tuveyciri təbrik nitqi ilə çıxış edərək qeyd etdi ki, Rəqəmsal Ticarət Qovşağının yaradılması Azərbaycan üçün böyük uğurdur. Cənab Tuveyciri Azərbaycanın mədəniyyətləri, ölkələri və innovasiyaları birləşdirən mərkəz olduğunu vurğulayaraq, ölkəmizdə dövlətin rəqəmsal sahə və innovasiya texnologiyalarının inkişafına yönəldilmiş töhfəsini və fəaliyyətini yüksək qiymətləndirmişdir.

Konfrans iştirakçılarını Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas da salamladı. Cənab Yankauskas Azərbaycan tərəfindən həyata keçirilmiş mobil rezidentlik layihəsinin önəmini vurğulayaraq onu gələcəyin layihəsi adlandırmış və qeyd etmişdir ki, “Azərbaycan və Aİ arasında hərtərəfli tərəfdaşlıq inkişaf etdirilməlidir. Tərəflər hal-hazırda hərtərəfli əməkdaşlığı əhatə edən yeni müqavilə üzərində çalışırlar. Azərbaycan Avropa və Asiya arasındakı marşrutun mərkəzindədir. Azərbaycanın iki qitə arasında əlaqə yaratma üsulu mühüm amildir”.

“Asan İmza” mobil elektron imzanın operatoru, həmçinin Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının əməkdaşı sayılan “B.EST Solutions” şirkətinin rəhbəri xanım Yana Krimpe də konfrans iştirakçıları qarşısında çıxış etdi. Xanım Krimpe qeyd etmişdir ki, rəqəmsal ticarət və transsərhəd elektron xidmətlərin əsasında tərəfdaşlar arasında əlaqələrin qarşılıqlı inam və şəffaflılığı, sürətli və sənədsiz proseslərin yaradılması, tərəfdaşlar arasında bərabərlik, sahibkarlar tərəfindən qlobal əhatəlilik imkanı, dünyanın istənilən yerində istənilən vaxt xidmətlərdən istifadənin əlyetərliliyi durur.

Azərbaycanda və bütün dünyada elektron və mobil rezidentlik proqramının həyata keçirilməsi konfransın əsas mövzusu oldu. İkinci beynəlxalq konfrans çərçivəsində dünyada ilk mobil rezidentlik cənab Tuveycirə, ikinci elektron rezidentlik isə cənab Kestutis Yankauskasa təqdim edilmişdir.

Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan mobil rezidentlik layihəsinin tətbiqində dünyada ilk ölkə, xarici vətəndaşlara elektron rezidentliyin təqdim edilməsində isə Estoniyadan sonra ikinci ölkə hesab edilir.

Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən ölkənin bütün diplomatik nümayəndəlikləri və səfirliklərinə dünya üzrə xarici vətəndaşlara m-rezidentlik- “Asan İmza” mobil elektron sertifikatlarının təqdim edilməsi səlahiyyətləri verilmişdir.

M-rezidentlik ölkədə investisiya mühitinin yaxşılaşdırılması, biznesin maksimum sadələşdirilmiş idarə edilməsi, Azərbaycanda biznes aparmaq arzusunda olan investor və xarici vətəndaşların investisiya qoyuluşuna cəlb edilməsi üçün vacib innovasiya aləti hesab edilir. m-Rezidentlik vasitəsilə ölkəyə gəlmədən şirkətləri onlayn qeydiyyatdan keçirmək, onlayn rejimdə vergi və gömrük tranzaksiyalarını yerinə yetirmək, elektron və mobil bankçılıq xidmətlərindən yararlanmaq, onlayn olaraq müqavilələri imzalamaq və s. mümkündür.

Konfransda həmçinin Estoniya parlamentinin sədri Kalle Laanet, EDAM Türk Analitik Mərkəzinin rəhbəri Usal Şahbaz, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Lokal Gəlirlər Departamentinin Baş direktoru Ələkbər Məmmədov, Dövlət Gömrük Komitəsinin İnkişaf Proqramları Baş İdarəsinin rəisinin birinci müavini Anar Süleymanov, Kommunikasiya meneceri Maris Orav, Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov, “Qazinformservis”in Baş direktorunun məsləhətçisi Sergey Kiryuşkin, Bridgizz-in icraçı direktoru Əhməd Laruz da çıxış etmişdilər.

Konfransda həmçinin Azərbaycan ilə Aİ, eləcə də Azərbaycan ilə Rusiya arasında “Asan İmza” vasitəsilə transsərhəd xidmətlərinin reallaşdırılması üzrə pilot layihə təqdim edilmişdir. Xüsusilə qeyd etmək lazımdır ki, pilot sistem dünya üzrə etibarlı xidmətlərin 2000 təchizatçısı ilə reallaşdırılmışdır.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən, hazırda xarici ticarət əməliyyatlarının genişləndirilməsi və “azexport.az” portalının Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı (Digital Trade Hub of Azerbaijan) kimi gücləndirilməsi üçün əlavə tədbirlər görülür. Bu Fərmana əsasən “Asan İmza” Azərbaycanın bütün diplomatik nümayəndəliklərində xarici vətəndaşlara təqdim edilir. Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2017-ci il tarixli Fərmanı ilə “azexport.az” haqqında Əsasnamə təsdiq edilmişdir. Bu sənədə əsasən portalda “Asan İmza” vasitəsilə qeydiyyatdan keçmiş, həmçinin Azərbaycan Respublikasında vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş istifadəçilər xarici iş ortaqları ilə elektron formada müqavilələr hazırlaya və imzalaya biləcəklər. Digər prosedurlar da həmçinin “Asan İmza” gücləndirilmiş mobil elektron imza və ya gücləndirilmiş “e-İmza” vasitəsilə ilə həyata keçiriləcəkdir. “Asan İmza” ölkənin hər üç mobil operatoru – Azercell, Bakcell və Azerfon tərəfindən təqdim edilir.