23.11.2016

“B.EST Solutions” şirkəti və ISESCO arasında əməkdaşlığa dair razılaşma imzalanıb

Cari ilin 17 noyabr tarixində Mərakeş Krallığının paytaxtı Rabat şəhərində “B.EST Solutions” şirkəti ilə İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) arasında mövcud olan əməkdaşlıq çərçivəsində “ISESCO BESTDOC PORTAL” layihəsinin pilot rejimdə tətbiqinə dair razılaşma imzalanıb.

Razılaşmanın başlıca mövzusu ISESCO üçün qabaqcıl sərhədlərarası rəqəmsal imza və elektron sənəd dövriyyəsi portalının yaradılması və tətbiqi sahəsində tərəflərin əməkdaşlığını əhatə edir.
“ISESCO BESTDOC PORTAL” adlandırılacaq portal Azərbaycanın “Asan İmza” və “Asan ID” mobil və elektron imza texnologiyalarının bazasında xüsusi olaraq ISESCO üçün yaradılmış universal “ISESCO ID” rəqəmsal identitet alətinin köməyilə fəaliyyət göstərəcək və ISESCO-ya üzv olan 52 ölkə arasında sənəd dövriyyəsini təkmilləşdirmək məqsədilə hazırlanmış vahid elektron mühit çərçivəsində fəaliyyət imkanı yaradacaq. Portaldan istifadə etməklə “ISESCO ID & m-ID” aləti vasitəsilə istifadəçilərin gücləndirilmiş autentifikasiyası və imza səlahiyyətlərinin təsdiqi, sənədlərin elektron imzalanması, saxlanması və sistemin digər istifadəçiləri ilə paylaşılması mümkün olacaq.

Qeyd etmək lazımdır ki, beynəlxalq təşkilat çərçivəsində daxili elektron identitet alətinin tətbiqi dünya miqyasında bu qəbildən olan ilk belə innovativ layihədir.

Xatırladaq ki, “ISESCO BESTDOC PORTAL” portalının təqdimatı ötən ilin noyabr ayında Bakıda baş tutmuş ISESCO İcraiyyə Şurasının 36-cı iclası və ISESCO Baş Konfransın 12-ci sessiyası çərçivəsində keçirilib.