13.10.2015

Asan İmza “myAccess” internet bank sisteminə inteqrasiya edilib

“Asan İmza” mobil elektron imza xidməti AccessBankın “myAccess” internet bank sisteminə inteqrasiya edilib. Artıq sözügedən bankın müştəriləri Asan İmzadan istifadə edərək təhlükəsiz və rahat şəraitdə internet bank portalına daxil ola və onlayn bankçılıq xidmətlərindən faydalana biləcək.

“Asan İmza” mobil elektron imza – mobil telefonu rəqəmsal şəxsiyyət vəsiqəsi və imza vasitəsi kimi istifadə etməyə imkan verən texnologiyadır. “Asan İmza” texnologiyasını önə çıxaran başlıca cəhət smart kartın oxunması üçün əlavə qurğuların və proqram təminatının istifadəsinə ehtiyacın olmamasıdır. Xidmətin istifadəsi üçün autentifikasiya və elektron imza rəqəmsal açarlarının saxlanıldığı SIM karta əsaslanan mobil telefonun mövcudluğu kifayətdir.