28.11.2014

Estoniya 20-ci beynəlxalq “BakuTel 2014” sərgisində öz milli pavilyonu ilə təmsil olunacaq

Cari ilin dekabrın 2-də Xəzəryanı və Qafqaz regionunun ən iri telekommunikasiya tədbiri olan 20-ci beynəlxalq “BakuTel 2014” sərgisi öz işinə başlayır. Bakı Ekspo Mərkəzində keçiriləcək sərgidə rabitə və informasiya texnologiyaları sektorunun təmsilçiləri arasında Estoniyanın İKT şirkətləri də yer alıb.

Estoniya milli pavilyonunda müxtəlif innovativ İKT məhsulları və həlləri nümayiş olunacaq. Pavilyonda 16 şirkət təmsil olunacaq. Onların arasında Cybernetica (tədqiqat və isthesal ilə məşğul olan İKT həllər şirkəti), Aktors (proqram təminatının hazırlanması), Trump Consulting, Estoniya-Azərbaycan Ticarət Palatası, Rakvere Smart House Competence (ağıllı mühəndislik və inşaat innovasiya mərkəzi), Real Systems (proqram təminatı və informasiya sistemləri), NOW! Innovations (parkinq üçün ödəniş və bilinq sistemləri), Division (reklam və dizayn), Estoniya İKT Demo Mərkəzi (İKT fəaliyyətinin dəstəklənməsi və təşviqi), E-Gov.Tv, Mindware (onlayn bankçılıq platformaları), Vorguvara (şəbəkə həlləri), Defendec (müşahidə və nəzarət sistemləri), həmçinin LED texnologiyalarının köməyilə məlumatların ötürülməsi sahəsində tədqiqatlar aparan Yaponiyanın Lampserve İnc. şirkəti öz məhsullarını nümayiş etdirəcək.

Builki sərgidə Estoniya pavilyonunun ziyarətçiləri Azərbaycanın mobil elektron imza xidməti olan “Asan İmza” ilə Estoniyada tətbiq olunan analoji Mobil ID xidmətinin müqayisəli statistik təhlili ilə tanış ola biləcəklər. Həmin təhlildə dövlət və özəl sektorun birgə tərəfdaşlığı əsasında yaranmış və sonradan Estoniyada da tətbiq olunmuş Azərbaycan modelinin nə dərəcədə müvəffəqiyyətlə işləməsi nümayiş etdiriləcək.

Bundan başqa Estoniya pavilyonunda gələcəyin texnologiyası olan VLC (visible light communication) – işıq şüaları ilə ötürülən mobil İnternet – eston-yapon birgə texnologiyasının nümayişi də təşkil olunacaq. Ziyarətçilərə VLC texnologiyası ilə kütləvi tədbirlər zamanı məlumatların yüksək sürətlə ötürülməsinin necə baş verdiyi göstəriləcək.

İşıq diodu və kommersiya baxımından təkmilləşdirilmiş əlçatan 4G (LTE-Advanced) şəbəkəsinin texnoloji sintezi sayəsində yaradılmış bu texnologiya daha yüksək sürətli (400mb/s) məlumat mübadiləsi aparmaq və rabitə şəbəkəsində ağır yüklənmələr nəticəsində meydana gələ bilən qırılmalar olmadan daha çox zəng etməyə şərait yaradacaq.

VLC texnologiyasının tətbiqi izdihamlı yerlərdə, o cümlədən, Bakıda keçiriləcək Avropa Olimpiya Oyunları zamanı keçirilməsi planlaşdırılan müxtəlif kütləvi tədbirlərdə qısa müddət ərzində şəbəkənin ötürmə gücünü artırmağa imkan verərək məlumat mübadiləsini təmin etməyə və beləliklə, daha çox insana xidmət göstərməyə imkan yaradacaq.
Estoniya pavilyonunu ziyarət edən iştirakçılara onlayn bankçılıq sahəsində yeni texnoloji həllər də nümayiş olunacaq. İştirakçılar “Mindware” şirkəti tərəfindən işlənib hazırlanan mobil bankçılıq əlavəsi vasitəsilə maliyyə əməliyyatlarının tez və təhlükəsiz həyata keçirildiyini öyrənə biləcəklər. Mobil bankçılıq platformasının köməyilə bank müştəriləri harada olmalarından asılı olmayaraq öz bank əməliyyatlarını idarə edə bilərlər. Mobil bankçılıq üzərindən müştərilər banka getmədən öz mobil telefonları vasitəsilə ödənişlər edə, pul göndərişlərini və valyuta dəyişmələrini həyata keçirə və hesablarındakı qalığı yoxlaya bilərlər.

Bundan başqa, Estoniyanın ilk “ağıllı evi” sayılan “Rakvere” Ağıllı Ev və Mühəndislik Mərkəzi tərəfindən işlənib hazırlanmış və elektrik enerjisi sərf etmədən işləyən texnoloji nailiyyətlər də nümayiş etdiriləcək. Estoniyanın inovvativ və texnoloji təcrübə məkanı hesab edilən Mərkəzin fəaliyyəti avtomatlaşdırılmış inşaat sistemləri və inşaatın idarə edilməsində, o cümlədən müxtəlif təyinatlı sahələrdə ağıllı texnologiyaların hazırlanması və tətbiqi sahəsinə yönəlib.