24.12.2014

«Elektron Xidmətlər və Elektron Hökumət Infrastrukturunun Qiymətləndirilməsi» hesabatında mobil identifikasiya vasitəsi olan “Asan İmza”nın tətbiqi müsbət qiymətləndirilmişdir

22 dekabr 2014-cü il tarixində “Şəffaflıq Azərbaycan” təşkilatının «Elektron Xidmətlər və Elektron Hökumət Infrastrukturunun Qiymətləndirilməsi» hesabatı geniş ictimaiyyətə təqdim edilmişdir. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, ATƏT-in Bakı ofisi, digər dövlət qurumları,

biznes sektoru və vətəndaş cəmiyyətini təmsil edən təşkilatlarla əməkdaşlığın nəticəsində ərsəyə gələn hesabatda Azərbaycanda elektron hökumət infrastrukturunun yaradılması istiqamətində görülmüş mühüm işlərə diqqət çəkilir, xüsusilə son iki ildə ölkədə elektron hökumət quruculuğunda yeni dinamikanın müşahidə olunması qeyd edilir.

Sənəddə Azərbaycanda elektron hökumətlə yanaşı mobil hökumət konsepsiyasının da uğurla tətbiq edildiyi vurğulanır, mobil hökumətin zəruri kompomenti olan mobil identifikasiya vasitəsi – “Asan İmza” mobil elektron imzanın mövcudluğu qeyd edilir. Hazırda “Asan İmza”nın daha çox yerli biznes sektoru tərəfindən istifadə edilməsi ilə yanaşı, bütün istifadəçi təbəqələri üçün əlçatan olması qeyd olunur. Hesabatda vurğulanır ki, “Asan İmza”nın istifadəsi digər elektron identifikasiya və imzayaratma vasitələri ilə müqayisədə daha rahatdır və ölkədə mobil imza istifadəçilərinin sayının smart-kart əsaslı elektron imza sahiblərinin sayından iki dəfə çoxdur.

Ümumilikdə, təhlillələrə əsasən ölkədə elektron xidmətlərdən istifadənin vəziyyəti qənaətbəxş hesab edilmiş, son iki il ərzində 1,5 milyona yaxın vətəndaşın elektron xidmətlərdən istifadə etdiyi və hazırda 400-dək elektron dövlət xidmətinin mərkəzləşmiş qaydada vətəndaşlara təqdim edilməsi göstərilmişdir.