14.09.2013

Azərbaycanın yeni trendi: ASAN

Bəllidir ki, inkişaf etməkdə olan ölkələrdə əlverişli biznes mühitinin olması kiçik və orta sahibkarlığın inkişafında mühüm rol oynayır. Dövlətlər biznes fəaliyyətinin inkişafı və azad rəqabət şəraitinin yaranması üçün qaydalar və normativlər qəbul edirlər. Belə ki, bu sahədə həyata keçirilən ardıcıl və davamlı hökumət siyasəti əcnəbi və yerli sahibkarlar üçün mühüm əhəmiyyət kəsb edir. Biznes fəaliyyətinə dair dövlət qaydaları, dövlət xidmətlərinin həyata keçirilməsi və onların iş üslubu şəffaf, asan əldə edilə bilən olmalı və əvvəlcədən müəyyən edilməlidir.

Faktiki olaraq müasir texnologiyalar dünyasında daha da əlverişli biznes mühiti yaratmaq üçün e-xidmətlər müvəffəqiyyətlə biznes qaydalarına daxil edilmişdir ki, davamlı şəkildə vergi ödəyicilərinə göstərilən geniş spektrli elektron xidmətlər, vergi ödəyiciləri ilə canlı ünsiyyət formalarının məhdudlaşdırılması, vergi orqanları ilə vergi ödəyiciləri arasında əlaqələrin asanlaşdırılması, digər hökumət orqanlarına inteqrasiya və şəffaflığın artırılması onun elementləri hesab olunur.

“ASAN İMZA”

Azərbaycan Respublikası Vergilər Nazirliyi və ASAN Xidmət Mərkəzinin birgə əməkdaşlığı ilə yaradılmış “ASAN İMZA” əcnəbi sahibkarlar və xarici investisiyalar üçün optimal biznes mühiti yaratmaqla Azərbaycanın vergi nizamnamələri və maliyyə sektoru üzrə müxtəlif elektron xidmətlərin göstərilməsini həyata keçirir.

O, xüsusi kart oxuyucusu tələb olunmadan vergi və maliyyə sənədlərinin rəqəmsal imzalanması üçün sahibkarlara öz mobil telefonlarından istifadə etmək imkanı yaradır. Ən təhlükəsiz imza hesab edilən bu rəqəmsal imzalanma istənilən vaxt və dünyanın mobil rabitə şəbəkəsi mövcud olan istənilən nöqtəsində müxtəlif mobil cihazlardan istifadə etməklə həyata keçirilə bilər.

“ASAN İMZA” dünyada ən güclü elektron idarəetmə sistemi olan X-Road sistemində işləyir. Hal-hazırda Azərbaycan və Estoniya öz dövlət sektorlarında bu texnologiyadan istifadə edən yeganə dövlətlərdir.

Azərbaycanın xidmət və qiymətləndirmə şəbəkəsi

Bundan əlavə elektron xidmətlərin sürətlə və davamlı şəkildə inkişaf etməsi sahibkarlarla dövlət orqanları arasında mövcud olan əlaqələrə yanaşma tərzini dəyişmişdir. İnzibati gərginliyi azaltmaq, şəffaflığı artırmaq və bu sahədə mövcud olan korrupsiyaya qarşı mübarizə uğrunda bir çox tədbirlər həyata keçirilmişdir. Belə mühüm tədbirlərdən biri də ölkə prezidenti İlham Əliyevin ASAN Xidmətin yaradılmasına dair verdiyi əmrdir.

ASAN Xidmətin ən başlıca məqsədi etika və nəzakət qaydalarına riayət etməklə vətəndaş və sahibkarlara müasir texnologiya və innovasiyaların bir forması olaraq vahid mərkəzdən yüksək səviyyəli və rahat xidmətin göstərilməsidir.

Asan Xidmət Mərkəzində uşaqlar üçün təşkil olunan oyun meydançasında övladları əyləndikləri zaman vətəndaşlar pulsuz internet fürsətindən yararlanmaq, yaxud da ərizə formalarının doldurulmasında gənc könüllülərin köməyindən istifadə etməklə sürücülük və şəxsiyyət vəsiqələrini ən qısa müddətdə yeniləyə, yaxud digər funksional dövlət xidmətlərindən istifadə edə bilərlər.

ASAN Xidmətin digər bir üstünlüyü vətəndaşların uzun müddət növbələrdə gözləməkdən xilas olmalarıdır. Belə ki, onlar öz cədvəllərinə müvafiq olaraq onlayn növbə tuta bilərlər. Bundan başqa onlar növbələrinin yetişməsini öyrənmək məqsədilə ərizələrinin statuslarını onlayn rejimdə yoxlaya bilərlər.

Yuxarıda qeyd olunmuş bütün əsas elementlər dövlət xidmətlərinin daha da keyfiyyətlə həyata keçirilməsi və daha münbit biznes mühitinin yaradılması üçün vacib amillər hesab edilir.

Mənbə