24.07.2013

Vətəndaşların və vergi ödəyicilərinin nəzərinə!

Hörmətli vətəndaşlar və vergi ödəyiciləri!

Vergilər Nazirliyinin nəzdində müasir tipli Elektron imza üzrə Sertifikat Xidmətləri Mərkəzi (Asan SXM) yaradılmış və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində akkreditə edilmişdir. Asan SXM, “Rəqəmsal İD” adlandırdığımız elektron imza kartları üzərindən xidmət göstərmək imkanına malikdir. Bu kartlar bütün əməliyyat sistemlərini (MS Windows, Unix, Mac OS) dəstəkləyir. Bundan əlavə Asan SXM, Mobil-İD Mərkəzi və Mobil operator vasitəsilə Mobil imza (“Asan İmza”) xidmətini də təqdim edir. Bu xidmət üçün xüsusi SİM kartdan istifadə olunur. Həmin SİM kart həm telefon nömrəsinin, həm də elektron İmza yaratma məlumatlarının fiziki daşıyıcısıdır.

Asan İmza (Mobil İmza) xidməti – elektron xidmətləri həyata keçirən istifadəçinin mobil telefon vasitəsilə autentifikasiyasını, sənədin elektron imzalanmasını və imzalayan şəxsin şəxsiyyətinin müəyyən edilməsini (identifikasiyasını) təmin edən xidmətdir. Asan İmza SİM kartlarını mobil operatorların (hələlik yalnız Azercell) müştəri xidmətlərindən və ya Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN Xidmət Mərkəzlərindəki mobil operator nümayəndəsindən əldə etmək olar. Bundan sonra Vergilər Nazirliyinin Vergi ödəyicilərinə Xidmət Mərkəzlərində, Ərazi Vergi İdarələrinin xidmət bölmələrində və ya ASAN xidmət mərkəzlərindəki Vergilər Nazirliyinin nümayəndəsinə yaxınlaşaraq müqavilə bağlayaraq elektron imza üçün təkmil sertifikat almaqla Asan imza xidmətini aktivləşdirmək olar. ASXM-in istismara verilməsi, İnternet Vergi İdarəsində aşağıdakı dəyişikliklərin həyata keçirilməsinə imkan vermişdir:

• İstifadəçi səlahiyyətlərinin idarə edilməsi sistemi yaradılmışdır (bu sistem, bir VÖEN-lə bağlı əməliyyatların eyni vaxtda qeyri-məhdud sayda istifadəçi tərəfindən həyata keçirilməsinə imkan verir);
• Hüquqi və fiziki şəxslərin onlayn qeydiyyatı; POS terminalların qeydiyyatı; elektron vergi-hesab fakturalarının göndərilməsi; ƏDV-nin Depozit hesabı və s. xidmətlərdə Asan İmzanın tətbiqi həyata keçirilmişdir.

İstifadəçi kodu, Parol və Şifrədən istifadə edərkən aparılan əməliyyatları imzalamaq mümkün olmur ki, bu da müasir beynəlxalq təhlükəsizlik standartlarının tələblərinə cavab vermir.

Ona görə də yüksək təhlükəsizlik tələb edən elektron xidmətlər — ƏDV-nin depozit hesabı və Elektron vergi hesab-fakturalarının istifadəsi 01.09.2013 tarixindən etibarən Asan İmza vasitəsilə həyata keçiriləcəkdir!

Asan İmzanın əldə edilməsi üçün: 1) mobil operatordan Asan İmza SİM kartı əldə olunmalı 2) həmin SİM kartda elektron imza sertifikatının aktivləşdirilməsi üçün ASXM-ə (Vergi ödəyicilərinə Xidmət Mərkəzlərinə, Bakı şəhər Vergilər Departamentinə, Ərazi Vergilər Departamentləri və ya Ərazi Vergilər İdarələrinin xidmət bölmələrinə və ASAN xidmət Mərkəzlərində fəaliyyət göstərən ASXM nümayəndəsinə) müraciət edilməli və müqavilə bağlanmalıdır.

Ətraflı məlumatı www.asxm.gov.azwww.asanimza.az saytlarından və İnternet Vergi İdarəsinin Yardım bölməsindən əldə edə bilərsiniz.