08.07.2013

Azərbaycanda yaşayan ilk xarici ölkə vətəndaşına elektron imza – Asan İmza verildi

Müasir Azərbaycanın nişanı sayılan və daima inkişafda olan Asan İmza – mobil telefonda elektron imza layihəsindən daha bir yenilik. Bu gün ilk dəfə olaraq 1 nömrəli “ASAN Xidmət” Mərkəzində Azərbaycan Respublikasında daimi yaşayış yeri üçün icazəsi olan xarici ölkə vətəndaşına Asan İmza elektron sertifikatı və SIM kartı təqdim olundu. Beləliklə, bu, respublikamızda daimi yaşayış yeri üçün icazəsi olan digər dövlətin vətəndaşına verilən ilk elektron imzadır.
Azərbaycanda yaşayan xarici ölkə vətəndaşlarının daim artan sayını nəzərə alsaq (təkcə 2013-cü ilin iyun ayında yaşayış yeri üzrə qeydiyyat üçün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə 52 341 xarici ölkə vətəndaşı müraciət etmişdir), bu hadisənin əhəmiyyətini qiymətləndirməmək mümkün deyildir. Bu gündən etibarən Azərbaycanda yaşayan bütün xarici ölkə vətəndaşları elektron hökumətin bərabərhüquqlu iştirakçısına çevrilərək həm Azərbaycanda, həm də onun hüdudlarında olmalarından asılı olmayaraq müxtəlif e-xidmətlərdən, o cümlədən kommersiya fəaliyyəti ilə bağlı e-xidmətlərdən istifadə edə bilərlər.