Asan İmza loqosu haqqında

Asan Imza loqotipi gələcəyə yönələn innovativ düşüncələri Azərbaycanın milli adət-ənənə və sarsılmaz dəyərləri ilə vizual şəkildə birləşdirir. Müasir həyatın ayrılmaz hissəsi olan SİM-kartda təsvir olunan Buta nişanı milli mədəniyyətimizin nəsildən nəslə ötürülən özünəməxsus zənginliyini əks etdirməklə yanaşı, həm də barmaq izi şəklində təqdim edilir ki, bu da öz növbəsində hər bir insanın fərqliliyinə və özünəməxsusluğuna işarə edir. Beləliklə, bir simvolda həm bütöv bir millətin, həm də ayrılıqda hər bir şəxsin unikallığı öz əksini tapır.


Gözəl və orijinal loqotip Azərbaycanın hər zaman innovasiyalar üçün açıq olmasını və eyni zamanda öz milli dəyərlərinə sadiq qalmasını nümayiş etdirir. Asan İmza-nın rəngləri gözəl gələcəyə, tərəqqiyə doğru irəliləyişi əks etdirərək, Azərbaycanda yaşayan hər bir insanın həyatını yaxşılaşdırmaq və daha güvənli etmək, həmçinin insanlar üçün daha geniş imkanlar açmaq niyyətini vurğulayır.

Asan İmza loqotipi dolğun rənglərlə mütərəqqi ideyaları elan edərək, Azərbaycan xalqının amalının, yaradıcı qüvvəsinin və işgüzarlığının daha bir rəmzidir.