15.12.2016

Milli Depozit Mərkəzinin mərkəzi depozitar və klirinq-hesablaşma sistemi “Asan İmza” xidməti ilə inteqrasiya edilib

Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin mərkəzi depozitar və klirinq-hesablaşma sistemi “Asan İmza” mobil elektron imza xidməti ilə inteqrasiya edilmişdir.

İnvestisiya şirkətlərinin əməkdaşları, qiymətli kağız emitentləri olan hüquqi şəxslərin təmsilçiləri, fərdi investorlar və institusional investorların təmsilçiləri “Asan İmza” (www.asanimza.az) vasitəsi ilə mərkəzi depozitar və klirinq-hesablaşma sisteminin xidmətlərdən yararlana biləcəklər.

Qeyd edək ki, qiymətli kağızlar bazarının ticarət, ticarət sonrası və nəzarət funksiyalarını özündə cəmləşdirən vahid mərkəzi elektron platforma (CETA) “2011-2020-ci illər ərzində qiymətli kağızlar bazarının inkişafı” üzrə Dövlət Proqramının icrası istiqamətində yaradılmış və Koreya Fond Birjasının dəstəyi ilə hazırlanmışdır.

“Asan İmza” texnologiyası vətəndaşa mobil telefonu elektron imza vasitəsi kimi istifadə etməklə müxtəlif dövlət və özəl qurumlarının onlayn elektron xidmətlərindən yararlanmaq və sənədləri imzalamaq imkanını təqdim edir. “Asan İmza” Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. “Asan İmza”nın üstün cəhəti smart kart, onun oxunması üçün əlavə qurğuların və proqram təminatının istifadəsinə ehtiyacın olmamasıdır. Xidmətin istifadəsi üçün identifikasiya və elektron imza rəqəmsal açarlarının saxlanıldığı SIM kart və mobil telefonun olması kifayətdir.