15.11.2017

“B.EST Solutions” şirkəti Belçikada keçirilən ISSE 2017 beynəlxalq konfransında Azərbaycanın innovasiyalarını təqdim etdi

14-15 noyabr 2017-ci ildə Brüsseldə Elektron İdentitet və Təhlükəsizlik üzrə Avropa Assossiasiyasının (EEMA) təşkilatıçılığı və Avropa Komissiyasının dəstəyilə 19-cu Beynəlxalq Konfrans və «The Future of Digital Security and Trust – ISSE 2017» sərgisi keçirilir.

Elektron mühitdə informasiya təhlükəsizliyi məsələləri üzrə bu qabaqcıl Avropa müstəqil çoxdisiplinli platformada etibarlı xidmətlər, elektron identitet, bulud və mobil təhlükəsizlik, böhranlı infrastrukturlar, gizliliyin idarə edilməsi və verilənlərin qorunması, biometrik əlavələr, tənzimləyici və hüquqi məsələlər və s. müzakirələrin əsas mövzularıdır.

Konfransın işində iştirak edən təşkilatların siyahısına Microsoft, Deloitte, Mcafee, SAP, PwC, Deutsche Telekom, IBM kimi dünya miqyasında tanınan şirkətlər, eləcə də Avropa Komissiyasının, ABŞ və Avropanın nüfuzlu ali məktəb müəssisələrinin nümayəndələri daxil olmuşdur. Qeyd olunan sahələrdə ən aktual məsələləri müzakirə edən özəl sektor və dövlət təşkilatlarından olan dünya ekspertləri, novatorlar konfransın işində iştirak edir və gələcək proqram təminatlarının qurulacağı təhlükəsiz rəqəmsal identifikasiya təkamülü haqqında auditoriyanı məlumatlandırırlar.

“Asan İmza” mobil identitet və gücləndirilmiş elektron imzanın Azərbaycan mərkəzinin operatoru olan “B.EST Solutions” şirkətinin rəhbəri xanım Yana Krimpe ISSE 2017 konfransında əsas məruzəçi kimi çıxış etmişdir. Xanım Yana Krimpe “Mobil identitet – Rəqəmsal Ticarət Qovşağı və etibarlı elektron xidmətlər üçün təhlükəsizlik açarıdır” adlı məruzəni təqdim etmişdir. Bu məruzə vasitəsilə konfrans iştirakçıları “Asan İmza”, eləcə də innovativ dövlət startapı kimi Rəqəmsal Ticarət Qovşağı ilə tanış ola bildilər. Bu gün “Asan İmza” mobil identitet və imza xidməti dövlət və özəl sektorun elektron xidmətlərinə hər yerdə və təhlükəsiz şəkildə əlyetərlilik imkanı təqdim edir və qanunvericilik səviyyəsində ümummilli identitetə bərabər tutulur. Konfrans iştirakçıları Azərbaycan Respublikası Prezidenti yanında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən dövlət və özəl sektorla əməkdaşlıq prinsipi əsasında işlənib hazırlanan və “Made in Azerbaijan” innovativ məhsulu hesab edilən Azexport.az portalına “Asan İmza”nın inteqrasiyası da daxil olmaqla innovativ Azərbaycanın son nailiyyətləri haqqında məlumat əldə etmişdilər.

Qeyd edək ki, bir il bundan öncə “B.EST Solutions” şirkəti Avropa ərazisində vahid rəqəmsal bazar konsepsiyasının inkişaf etdirilməsi məqsədilə öz üzvləri, dövlət təşkilatları və qanunvericilik strukturları arasında fəaliyyəti koordinasiya edən Avropanın nüfuzlu beyin mərkəzi və bu il konfransın rəsmi tərəfdaşı sayılan Elektron İdentitet və Təhlükəsizlik üzrə Avropa Assossiasiyasının (EEMA) üzvü seçilmişdir. Assosiasiyanın üzvləri elektron identitetin idarə edilməsi, on-line autentifikasiya, RFID, smart-kartlar və biometrik texnologiyalar və s. bu kimi sahələrdə qarşılıqlı əməkdaşlıq edirlər. Hər il assosiasiya bütün dünyadan qabaqcıl ekspertləri və innovatorları bir araya gətirən “Trust in Digital World” (TDW) və “Information Security Solutions Europe” (ISSE) konfransları kimi onlarca sahəvi tədbirləri təşkil edir və iştirakı təmin edir.

Onu da qeyd edək ki, Elektron İdentitet və Təhlükəsizlik üzrə Avropa Assossiasiyasının (EEMA) sədri Con Şama 19 oktyabr 2017-ci ildə Bakıda keçirilən “Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı – inkişaf perspektivləri” birinci beynəlxalq konfransında iştirak edərək, Rəqəmsal Ticarət Qovşağı layihəsində “Asan İmza”nın rolunu yüksək qiymətləndirmiş, eləcə də bu layihə çərçivəsində Azərbaycan ilə Avropa arasında transsərhəd elektron xidmətlərin inkişafı məqsədilə Azərbaycan Respublikası Prezidenti yanında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə eIDAS və Future Trust Avropa təşəbbüsləri arasında əməkdaşlığın üstünlüklərindən bəhs etmişdir.