29.01.2018

Azərbaycan elektron hökumət sistemində X-Road Eston platformasının prototipini tətbiq edən ilk ölkə oldu

Euronews Avropa informasiya kanalının verdiyi məlumata əsasən Azərbaycandan əlavə bu sistem bir sıra ölkələrdə artıq inteqrasiya olunmuşdur. Onların içərisində Namibiya, Finlandiya və Ukraynanı qeyd etmək olar. Eləcə də bu platformaya Farer adalarında və innovativ texnologiyalar sahəsində dünya lideri olan Yaponiyada uğurla start verilmişdir.

X-Road eyni zamanda ölkələr arasında verilənlərin avtomatik mübadiləsinə imkan verən dünyada ilk platforma hesab edilir. Bu isə Estoniya ilə Finlandiya arasında məlumatların avtomatik mübadiləsinə şərait yaratdı.

X-Road vahid interfeys, qarşılıqlı əlaqə və verilənlərin mübadiləsi protokollarının mərkəzləşdirilmiş sistemidir. İstənilən dövlət orqanı müəyyən qaydalara əsasən öz informasiya sistemini platformaya qoşa və digər qurumlar üçün ona əlyetərlilik hüququnu sazlaya bilər.

Kommersiya İT sistemləri də X-Road ilə qarşılıqlı əlaqə qura və bu platformaları istifadə edə bilərlər. X-Road, vətəndaş və dövlət arasındakı qarşılıqlı əlaqəni asanlaşdırmaq, ölkənin dövlət və özəl sektorlarının elektron xidmətlərinin müxtəlif məlumat bazalarını birləşdirmək və vahid şəkildə harmonik fəaliyyət göstərmək üçün “Elektron Estoniyanın” təməlidir. Estoniyanın elektron həlləri geniş ictimaiyyət üçün əlyetərli olan xidmətlərin tam spektrini daxil edir və hər xidmət öz verilənlər bazasına malik olduğuna görə onların hamısı X-Road istifadə edirlər.

Verilənlərin təhlükəsiz ötürülməsinin təmin edilməsi məqsədilə bütün göndərilən və daxil olan verilənlər X-Road vasitəsilə rəqəmsal imzalı, möhürlü loqa malikdirlər, şifrələnir və qeydiyyatdan keçirlər. İlkin olaraq X-Road sorğuların müxtəlif verilənlər bazalarına göndərilməsi üçün bir alət kimi istifadə olunurdular. Bu gün o, eyni anda bir neçə reyestr və informasiya sistemlərinin verilənlərini istifadə edən xidmətləri yaratmağa, böyük həcmdə verilənləri ötürməyə və eyni vaxtda bir neçə verilənlər bazası üzrə axtarışı yerinə yetirməyə imkan verən bir üsula çevrilmişdir. X-Road inkişaf nəzərə alınaraq işlənib hazırlanmış, məhz buna görə də yeni elektron xidmətlərin və yeni platformaların meydana gəlməsilə onun genişləndirilməsi mümkündür.

Azərbaycanda X-Road platforması “Asan İmza” mobil elektron imzanın operatoru hesab edilən B.EST Solutions şirkəti tərəfindən Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi ilə birlikdə inteqrasiya olunmuşdur. Qeyd etmək lazımdır ki, X-Road innovativ platformasının tətbiqi Azərbaycan ilə Estoniya arasında informasiya texnologiyaları sahəsində sıx əməkdaşlığın nəticəsi oldu.

Azərbaycanda elektron hökumət sisteminin qurulması və tətbiqi sahəsində əsas rol oynayan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ölkədə ən yeni və qabaqcıl texnologiyaların inkişafının başlıca təşəbbüskarı hesab edilir. Xüsusilə, innovativ texnologiyaların inkişafı sahəsində dünya lideri hesab edilən Estoniya ilə sıx əməkdaşlıq uğurla davam etdirilir.

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin direktoru Elnar Əsədovun sözlərinə görə “Belə əməkdaşlığın nəticəsi Azərbaycanın gələcəyi olan yeni innovativ layihələrin hazırlanmasına səmərəli təsir göstərir. Müasir Azərbaycan, informasiya cəmiyyətinin xeyrinə seçim etdiyinə görə bürokratik əngəllərin aradan qaldırılması və biznesin şəffaflığı üçün bütün şərait yaradılmışdır. Bundan əlavə birgə layihələrin reallaşdırılması iki ölkə arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsinə müsbət təsir göstərmişdir. X-Road platforması bizim xarici investorlar və biznesmenlər üçün əlverişli investisiya mühitinin yüksəldilməsini təmin edən infrastrukturun vacib komponentlərindən birinə çevriləcəkdir”.

Bundan əlavə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu istiqamətdə vacib işləri həyata keçirir və bir sıra təşkilatlarla danışıqlar aparmaqla, 2018-ci ildə arzu olunan nəticələr əldə etmək üçün bütün zəruri şərtləri yaradır.

Xatırladaq ki, ötən ilin payızında Şərq tərəfdaşlığı üzrə 4-cü Biznes Forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə Şərq Tərəfdaşlığının Estoniya Mərkəzi arasında qarşılıqlı anlaşma memorandumu imzalanmışdır. Xüsusilə qeyd etmək lazımdır ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təşəbbüsü ilə Azərbaycan, xarici vətəndaşlara e-İmza elektron imzanı əldə etməyə imkan verən e-Residence layihəsini Estoniyadan sonra tətbiq edən ilk ölkə oldu. Onu da qeyd edək ki, Azərbaycanda ilk dəfə olaraq m-Residence işlənib hazırlanmışdır. Bu layihə sayəsində istənilən xarici vətəndaş “Asan İmza” istifadəçisinə çevrilməklə Azərbaycanda mövcud olan bütün elektron xidmətlərə əlyetərlilik əldə edə bilər. Artıq bu il Azərbaycan ilə Türkiyə arasında elektron imzanın ikitərəfli qarşılıqlı tanınmasının reallaşdırılması gözlənilir.

Bugünkü gündə 91 hökumət və kommersiya təşkilatlarının elektron xidmətləri X-Road Azərbaycan sisteminə qoşulmuş, fiziki və hüquqi şəxslərə e-İmza və “Asan İmza” mobil elektron imza vasitəsilə əlyetərli olan 1000-dən artıq xidmət təqdim etməkdədir. Elektron hökumət şlüzü (X-Road-a analoji olan) texnologiyasının istifadəsi vasitəsilə Azərbaycanda 60 milyondan çox tranzaksiya həyata keçirilmişdir ki, onlardan 40 milyona yaxın tranzaksiya müxtəlif informasiya sistemlərində “Asan İmza” ilə reallaşdırılmışdır.