07.06.2017

“Asan İmza” etimad edilən elektron xidmətlərə həsr olunan EFPE 2017 forumunda təqdim olunub

6 -7 iyun tarixlərində Polşanın Şetsin şəhərində etimad edilən elektron xidmətlər (elektron imza və PKI daxil olmaqla), eləcə də elektron identifikasiya və təhlükəsizliyə həsr olunan Avropada ən böyük beynəlxalq forum hesab edilən elektron imza və etimad edilən xidmətlər üzrə XVII Avropa forumu (17th European Forum on Electronic Signature and Trust Services) keçirilmişdir.

Forum müxtəlif akademik, dövlət və biznes-institutlarını təmsil edən mütəxəssislərə öz məruzələrini təqdim etmək və tendensiyalar aparmaq üçün əla platforma oldu. Bu il forumun işində Avropa və Asiyanın demək olar ki, 20 ölkəsindən 120-ə yaxın nümayəndə iştirak edirdi.

Forumda əhatə olunan mövzulara misal olaraq Avropa İttifaqında elektron imza standartı eIDAS-ın tətbiqi vəziyyətinin xülasəsi; daxili və Avropa bazarlarında ixtisaslı etimad edilən xidmətlərin dəyişdirilməsi; rəqəmsal identifikasiya və mobil elektron xidmətlər sahəsində innovativ texnologiyalar və həllər; mobil elektron xidmətlər və bulud texnologiyaların təhlükəsizliyi və əlyetərliliyi nöqteyi-nəzərindən qabaqcıl təcrübə; milli identifikasiya bölmələri, eləcə də sənəd dövriyyəsi, elektron bank xidmətləri, telekommunikasiya xidmətlərində etimad edilən xidmətlərin tətbiqinin üstünlükləri mövzularını qeyd etmək olar.

Etimad edilən elektron xidmətlərin inkişafı mövzusunun müzakirəsinə dəvət olunanlar sırasında Polşa, Almaniya, Belçika, Rusiya və digər ölkələrin ekspertləri olmuşdur.

Azərbaycan “Asan İmza” mobil elektron imza xidmətinin operatoru hesab edilən B.EST Solutions Azərbaycan şirkətinin rəhbəri xanım Yana Krimpe tərəfindən “Mobile ID Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı və transsərhəd elektron xidmətlər üçün təhlükəsizlik açarıdır” məruzəsi ilə təmsil olunmuşdur. Məruzə forumun ilk günündə tədbirin kürsüsündən səslənmişdir.

Qeyd olunmuşdur ki, mobil identitet və imza xidməti olan “Asan İmza” hər yerdə və təhlükəsiz olaraq dövlət və özəl elektron xidmətlərə giriş imkanını yaradan və qanunvericilik səviyyəsində ümummilli identitetə bərabər olan xidmətdir.

Gələcəkdə iqtisadiyyatın bütün sahələrində əvəzolunmaz alət olan və açıq açar infrastrukturuna (PKI) əsaslanan “Asan İmza” şəxsiyyəti identifikasiya etməyə, “Elektron sənəd və elektron imza haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən əl imzasına bərabər tutulan elektron imza qoymağa imkan verir ki, bu da onu elektron xidmətlərin inkişafı məsələlərində əla vasitəyə çevirir.

“Hal-hazırda 500-dən artıq dövlət və özəl elektron xidmətlər öz sistemlərində “Asan İmza”dan istifadə edir. “Asan İmza” müxtəlif dövlət və özəl strukturların çağrı mərkəzlərinə inteqrasiya olunmuşdur. Onun köməyilə bu gün elektron vergi bəyannamələrinin verilişi, gömrük xidmətlərində mal və nəql xidmətlərinin bəyan edilməsi, əmək müqavilələri haqqında bildirişlərin qeydiyyatı, abituriyentlərin on-line qeydiyyatı və s. həyata keçirilir. “Asan İmza” eyni zamanda ISESCO ilə birlikdə İslam ölkələri üçün yeni inqilabi transsərhəd layihəsində iştirak edir”, -deyə xanım Yana Krimpe qeyd etmişdir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən təqdim edilən və ölkədə elan edilmiş “Made in Azerbaijan” konsepsiyasını izləyən “Asan İmza”nın Azexport.az portalına inteqrasiyası forum iştirakçılarının xüsusi marağına səbəb oldu.

Bu gün portal Azərbaycanda istehsal olunan malların ixracını dəstəkləyir və Alibaba.com, Wholesale və All.biz kimi dünya elektron ticarət şirkətləri ilə çalışır. Qeyd olunmuşdur ki, Azərbaycan Respublikası prezidenti İlham Əliyevin sərəncamı əsasında daxili ticarət əməliyyatlarının genişləndirilməsi və rəqəmsal ticarət qovşağı (Digital Trade Hub of Azerbaijan) kimi Azexport.az portalının işinin gücləndirilməsi üzrə əlavə tədbirlər görülməkdədir. Bu sərəncama əsasən “Asan İmza” dünya üzrə Azərbaycanın bütün diplomatik nümayəndəliklərində xarici vətəndaşlara təqdim olunacaqdır. “Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı – transsərhəd elektron xidmətlərin reallaşdırılması üçün qlobal sistem, ölkələr və biznes arasında iqtisadi və ticarət münasibətlərinin inkişafında yeni eradır. Mən xüsusilə qeyd etmək istərdim ki, Prezidentin sərəncamına əsasən biz artıq Avropa İttifaqı ilə Azərbaycan arasında mobil və elektron imzaların, həmçinin elektron xidmətlərin transsərhəd olaraq tanınması modelinin tətbiqinə başlamışıq”,- deyə xanım Yana Krimpe öz çıxışında qeyd etmişdir.

“Asan İmza” mobil elektron imza və elektron rəqəmsal imza vasitəsilə elektron şəkildə istənilən vacib sənədin imzalanması mümkün olan və bu yaxınlarda istifadəyə verilən vahid AsanDoc.az portalı sayəsində Azərbaycanın dövlət müəssisələri və bankları arasında hüquqi baxımdan rahat və qanuni əlaqə təmin edilmiş, həmçinin özəl şirkətlər arasında sənəd dövriyyəsi sadələşdirilmişdir.