14.09.2017

“Asan İmza” – “PKI-Forum Rusiya 2017” yubiley konfransında təmsil olunub

2017-ci ilin 12-14 sentyabr tarixlərində Sankt-Peterburqda Rusiya Federasiyasının Rabitə və Kütləvi Kommunikasiya Nazirliyi tərəfindən təşkil olunan açıq açar infrastrukturu və elektron imza problematikası üzrə “PKI-Forum Rusiya 2017” XV yubiley Beynəlxalq Konfransı baş tutmuşdur.

Bu il konfransın işinin əsas mövzuları açıq açar infrastrukturu və onun əsasında həllərə etibar; PKI-da perspektiv texnologiyaların tətbiqinin aktual məsələləri; PKI sahəsində standartlaşdırma və elektron rəqəmsal imza; sertifikat xidmətləri mərkəzlərinin fəaliyyəti; elektron imzanın əməliyyat sistemlərində məhdudiyyətsiz tətbiqi, blokçeyn-texnologiyalarda PKI və s. olmuşdur. Konfransın işində Belorusiyadan, Qazaxıstandan, Azərbaycandan, Polşadan, Rusiya Federasiyasından, Özbəkistandan və digər ölkələrdən 300-dən çox nümayəndə iştirak etmişdir.

Azərbaycanda Mobile ID Konsorsiumunun və “Asan İmza” mobil elektron imza xidmətinin operatoru hesab edilən B.EST Solutions Azərbaycan şirkətinin rəhbəri xanım Yana Krimpe “Mobile ID – Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı və transsərhəd elektron xidmətlərə təhlükəsizlik açarıdır” adlı məruzə ilə çıxış etmişdir. Məlum olduğu kimi “Asan İmza” mobil identitet və imza xidməti dövlət və özəl sektorun elektron xidmətlərinə hər yerdə və təhlükəsiz şəkildə əlyetərlilik imkanı təqdim edir və qanunvericilik səviyyəsində ümummilli identitetə bərabər tutulur. “Asan İmza” şəxsiyyəti identifikasiya etməyə, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əl imzasına bərabər tutulan elektron imza ilə imzalamağa imkan verir, bu isə imzanı elektron xidmətlərin inkişafı məsələlərində üstün alətlərdən edir. Bu gün “Asan İmza” vasitəsilə elektron vergi bəyannamələrinin verilişi, gömrük xidmətində məhsulların və nəqliyyat vasitələrinin bəyan edilməsi, əmək müqavilələri haqqında bildirişlərin qeydiyyatı, abituriyentlərin on-line qeydiyyatı və s. həyata keçirilir. “Asan İmza” eyni zamanda özündə yeni inqilabi transsərhəd layihəni əks etdirir.

Bundan əlavə “PKI-Forum Rusiya 2017” konfransında Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən dövlət və özəl sektorla əməkdaşlıq prinsipi əsasında işlənib hazırlanan və “Made in Azerbaijan” innovativ məhsulu hesab edilən Azexport.az portalına “Asan İmza”nın inteqrasiyası da daxil olmaqla innovativ Azərbaycanın son nailiyyətləri təqdim edilmişdir. Qeyd edək ki, Rəqəmsal Ticarət Qovşağı – özəl əməkdaşlıqla birlikdə yaradılan ilk dövlət Start-up-ı və dövlət tərəfindən ilk zəmanət verilən beynəlxalq ticarət meydanıdır. Bu gün Portal Azərbaycanda istehsal olunan məhsulların ixracını dəstəkləyir və Alibaba.com, eBay.com, Wholesale, Amazon, All.biz kimi dünya elektron ticarət şirkətləri ilə çalışır. Xanım Yana Krimpe eyni zamanda Azərbaycanda ilk dəfə olaraq fərdiləşdirilmiş dövlət blokçeyn texnologiyasının necə reallaşacağını, bütün tranzaksiyaların harada log, imza və vaxt möhürünə malik olacaqlarını konfrans iştirakçılarına nümayiş etdirmişdir. Həmçinin qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı əsasında xarici ticarət əməliyyatlarının genişləndirilməsi və Rəqəmsal Ticarət Qovşağı (Digital Trade Hub of Azerbaijan) qismində Azexport.az portalının gücləndirilməsi ilə bağlı əlavə tədbirlər görülməkdədir. Bu Sərəncama əsasən “Asan İmza” dünya üzrə Azərbaycanın bütün diplomatik nümayəndəliklərində xarici vətəndaşlara təqdim olunacaqdır. Bu Sərəncamın davamı olaraq, 12 sentyabr 2017-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “www.azexport.az” internet portalı haqqında “Əsasnamə” təsdiqlənmişdir. Əsasnaməyə görə Portaldan gücləndirilmiş elektron imza olan “ASAN imza” vasitəsilə qeydiyyatdan keçmiş istifadəçilər, Azərbaycan Respublikasında vergi ödəyicisi kimi qeydiyyatda olan şəxslərlə onların xarici biznes tərəfdaşları arasında sənədlərin, o cümlədən müqavilələrin elektron formada tərtibi və imzalanması, eləcə də xidmətlərdən istifadə, ümumiyyətlə portalda həyata keçirilən bütün digər prosedurlar gücləndirilmiş elektron imza olan “ASAN imza” vasitəsilə reallaşdırılır.

mResidence layihəsi konfrans iştirakçılarının xüsusi marağına səbəb olmuşdur. Qeyd olunan layihə xarici vətəndaşlara “Asan İmza” istifadəçisi olmağa, bu isə öz növbəsində onlara Azərbaycanda təqdim olunan elektron xidmətlərə əlyetərlilik və əlbəttə ki, dünyanın istənilən nöqtəsindən öz fəaliyyətlərini həyata keçirməyə imkan verir. Bu yaxınlarda istifadəyə verilən AsanDoc.az portalı sayəsində isə orada autentifikasiya vasitəsi kimi tətbiq olunan “Asan İmza” vasitəsilə elektron formada istənilən sənədi imzalamaq mümkündür. Bundan əlavə portalda Azərbaycanda fəaliyyət göstərən dövlət müəssisələri və bankları ilə asan və hüquqi baxımdan qanuni əlaqə təmin edilmiş, eləcə də özəl şirkətlər ilə sənəd dövriyyəsi prosesi sadələşdirilmişdir. “PKI-Forum Rusiya 2017” konfransının iştirakçılarına “Asan İmza” vasitəsilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin, Elektron Hökumət Portalının, “Asan Ödəniş” portalının və Azərbaycanın maliyyə sektorunun innovativ xidmətləri təqdim edilmişdir.

Konfransda həmçinin B.EST Solutions şirkətinin satış üzrə direktoru Daniil Qusev də məruzə ilə çıxış etmişdir. Onun təqdimatı mobil elektron imza və bu texnologiyanın birgə tətbiqinin perspektivlərinin ümumi məsələlərinə toxunmuşdur. Qeyd edilmişdir ki, bu texnologiya belə layihələrin reallaşdırılmasının uğurlu nümunələrinə, xüsusilə də Estoniya və Azərbaycan təcrübəsinə əsaslanmışdır.

Məlumat üçün qeyd edək ki, Azərbaycanın “Asan İmza” mobil identitet və elektron imza texnologiyası keçən il “PKI-Forum Rusiya 2016” beynəlxalq konfransı çərçivəsində keçirilən açıq açar infrastrukturu üzrə XIV Rusiya müsabiqəsində birinci yerin qalibi olmuşdur. “Asan İmza” texnologiyası açıq açar infrastrukturuna əsaslanan rəqəmsal identitet üzrə müxtəlif ölkələrin analoji həlləri sırasında “PKI texnologiyasının inkişafına verdiyi önəmli töhfəyə görə” nominasiyasında qalib seçilmişdir.